Tramp Çin səfərindən sonra: İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir

Foto: The White House, Public domain, Wikimedia Commons
20-11-2026 21:49

ABŞ prezidenti Donald Tramp dörd günlük Asiya səfərindən qayıtdıqdan sonra noyabrın 20-də Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla saxta deyil, həqiqi razılaşma istədiklərini deyib. Trampın sözlərinə görə, İran razılaşma əldə etməyə çalışır, lakin Vaşinqtonun şərtlərini qəbul etmir.

Tramp yanacaq qiymətlərinin yaxın vaxtlarda daha sürətlə ucuzlaşacağını deyib və bunun İranla məsələlərin necə həll olunacağından asılı olduğunu bildirib. Son günlərdə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir neçə tankerin minaya düşdüyünü açıqlayıb, Beynəlxalq Enerji Agentliyi isə Hörmüz böhranını 1970-ci illərin neft şoklarından da böyük təhlükə adlandırıb. Bu böhran neftin dünya qiymətinə, o cümlədən Azərbaycanın neft gəlirlərinə birbaşa təsir edir.

Mətbuat konfransından bir neçə saat əvvəl İranın “Tasnim” agentliyi yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 19:20) Hörmüz boğazındakı Qəşm adasının eyniadlı şəhərinin yaxınlığına raket düşdüyünü yazıb. Agentlik raketin ABŞ və İsrail qüvvələri tərəfindən atıldığını iddia edir. Dəymiş ziyan və digər təfərrüatlar açıqlanmayıb.

ABŞ-nin maliyyə naziri Skott Bessent “CNBC” telekanalına müsahibəsində deyib ki, Tramp və Çin lideri Si Cinpin süni intellektin genişmiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil qəbul etməməli olduğu barədə razılığa gəliblər. Bessentin sözlərinə görə, süni intellektlə bağlı bütün hərbi qərarlarda insan iştirak etməlidir; iki lider nüvə silahının yayılmasının qarşısının alınmasını da ətraflı müzakirə edib.

Tramp mətbuat konfransında ABŞ-nin “superintellekt” sahəsində Çini qabaqladığını və bu yarışda qalib gələnin hər şeyə sahib olacağını deyib. O, ABŞ-dən kənarda məlumat mərkəzləri qurmağa çalışan Amerika şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini də bildirib.

Tramp, Si Cinpin və Rusiya prezidenti Vladimir Putin noyabrın 19-da Çinin Şençjen şəhərində ilk üçtərəfli görüşlərini keçiriblər. Üç lider birgə bəyannamədə nüvə müharibəsində qalib olmadığını və belə müharibənin heç vaxt aparılmamalı olduğunu bildirib.

Digər xəbərlər