Azərbaycan cüdoçuları Daşkənddə gənclər arasında dünya çempionatında üç medal qazanıb
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası bir gümüş və iki bürünc medal qazanıb. Ən yüksək nəticəni +100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov göstərib.
Əhmədov finala qədər Monqolustan, Niderland və Estoniya təmsilçilərini məğlub edib. Həlledici görüşdə o, Türkiyə təmsilçisi İbrahim Tataroğluya uduzub və gümüş medalla kifayətlənib. Əhmədov daha əvvəl yeniyetmələr arasında Avropa çempionu olub, gənclər arasında Avropa və yeniyetmələr arasında dünya çempionatlarında isə bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində Davud Namazlı yarımfinalda məğlub olsa da, bürünc medal uğrunda görüşdə gürcüstanlı Nikoloz Zaalişvilini üstələyib. Azərbaycan komandasının ilk medalını isə yarışın əvvəlki günlərində 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanmışdı.
Komandanın digər üzvləri - 90 kq-da Süleyman Şükürov və Aslan Kotsoyev, 100 kq-da Canpolad Əliyev - ilk mərhələlərdə mübarizəni dayandırıblar. Çempionat noyabrın 22-də başa çatacaq.
