Almaniyanın xarici işlər naziri: sülh sazişi üçün Ermənistan Konstitusiyası dəyişməlidir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün qalan məsələlərin, o cümlədən Ermənistan Konstitusiyasına dəyişikliyin həll olunmasını vacib sayıb.
Nazir bu fikri Almaniyanın ARD televiziyasının “Tagesschau” xəbər proqramına müsahibəsində deyib. Onun sözlərinə görə, Berlin yekun sülh sazişini regionda sabitlik və Avropanın təhlükəsizliyi baxımından mühüm hesab edir.
Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərtdir. Azərbaycan tərəfi Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsinin Dağlıq Qarabağla birləşməyə dair müddəanı ehtiva etdiyini deyir. Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın referendumla qəbul edilməsini planlaşdırır.
Vadeful müsahibədə Azərbaycanı Almaniya və Avropa üçün etibarlı enerji tərəfdaşı adlandırıb və Berlinin enerji təchizatını şaxələndirmək üçün belə tərəfdaşlar axtardığını deyib.
Bu, Almaniya nazirinin bir həftədə Cənubi Qafqazla bağlı ikinci açıqlamasıdır: noyabrın 17-də Vadeful regionun məsələlərinin Moskvada həll olunmamalı olduğunu bildirmişdi.

