Hörmüz boğazında bir həftədə altı tankerə hücum edilib, gəmi trafiki müharibədən əvvəlkindən 65 faiz azdır

Foto: U.S. Navy photo by Photographer's Mate Airman Eben Boothby, Public domain, Wikimedia Commons
21-11-2026 06:47

Noyabrın 12-dən 18-dək Hörmüz boğazı və ətrafında azı altı neft tankerinə hücum edilib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) həftəlik hesabatına görə, hücumlardan dördü boğazda, ikisi Körfəzdə qeydə alınıb. İki gəminin köməyə ehtiyacı yaranıb, digər dörd hadisənin nəticələri hələlik bəlli deyil; gəmilərdən heç biri batmayıb.

Hesabatda bildirilir ki, noyabrın 17-də Omanın Xasab limanının şimalında naməlum sursat dəyən tankerdə bir heyət üzvü itkin düşüb, 11 nəfər yaralanıb. Yanan gəmi yedəyə alınaraq limana aparılıb. UKMTO-nun məlumatına görə, Hörmüz boğazından gəmi daşımalarının həcmi müharibədən əvvəlki səviyyədən təxminən 65 faiz azdır, bölgədə təhlükə səviyyəsi “ciddi” qiymətləndirilir.

ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına İranın hazırda neft sata bilmədiyini deyib. Onun sözlərinə görə, İran neft hasil etməyə başlayandan bəri ilk dəfədir ki, dənizdə İran nefti daşıyan tanker yoxdur və heç kim bu nefti ala bilmir. Bessent dünyanın İran nefti olmadan yaşaya bildiyini iddia edib və bunu təsdiqləyən məlumatları şənbə günü açıqlayacağını vəd edib.

Nazir ABŞ-nin İrana iqtisadi təzyiqi Tehran münaqişəni Vaşinqtonu qane edən şərtlərlə bitirməyə razılaşanadək davam etdirəcəyini bildirib. İran tərəfi isə bir gün əvvəl tankerlərini ABŞ blokadasından keçirməyə hazırlaşdığını işarə etmiş, hücum olarsa Körfəz ölkələrinin neft obyektlərini hədəf alacağını demişdi.

Körfəzdəki gərginlik neft qiymətlərini yüksək saxlayır. Noyabrın 20-də Azərbaycanın “Azeri Light” markalı neftinin bir bareli 98,41 dollara çatmışdı; bu, dövlət büdcəsində nəzərdə tutulan 65 dollardan təxminən 33 dollar çoxdur.

Digər xəbərlər