Zelenski Trampın “dostum” deyə salamladığı Putin barədə: bizim üçün o, qatildir

Foto: Xuthoria, CC BY-SA 4.0, Wikimedia Commons
21-11-2026 03:57

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırıb. Noyabrın 20-də CNN telekanalının canlı efirində sualları cavablandıran Zelenski Putini necə adlandırmağın ABŞ prezidenti Donald Trampın işi olduğunu, amma Ukrayna üçün onun düşmən və qatil olduğunu deyib. Zelenskinin sözlərinə görə, dünyanın əksər insanları üçün də Putin qatildir, çünki o, hər gün və hər gecə insanları öldürür.

Ukrayna prezidenti iddia edib ki, Rusiya bu il döyüş meydanında uğur qazanmayıb, iki hücum əməliyyatı alınmayıb. Onun sözlərinə görə, buna görə Moskva mülki insanları öldürməyə, kritik infrastruktura, körpülərə, dəmiryol stansiyalarına, məktəb və kilsələrə kütləvi zərbələr endirməyə üz tutub.

Zelenski hesab edir ki, Putin haqqında “həmkar, dost və ya buna bənzər” kimi danışılanda o, özünü qatil kimi hiss etmir və üzərində kifayət qədər təzyiq görmür. Ukrayna prezidenti bunun Putin üçün “qırmızı, yoxsa yaşıl işıq” olduğunu bilmədiyini, amma onu dayandırmadığını deyib.

Bu sözlər Trampın noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Putini “dostum” deyə salamlamasından sonra səslənib. Polşanın Baş naziri Donald Tusk bu epizodu “Allah bizi belə dostlardan qorusun” sözləri ilə şərh etmişdi.

Tramp isə noyabrın 20-də Ağ Evdəki mətbuat konfransında Çində Putinlə ikitərəfli görüşdən sonra Rusiya prezidentinin müharibəni diplomatik yolla bitirmək istədiyinin ona aydın olduğunu deyib. “Financial Times” qəzeti yazır ki, Tramp Ukrayna ilə Rusiya arasında sülh sazişinin ilin sonunadək bağlanmasına çalışır.

Digər xəbərlər