Tramp Putin və Si Cinpinlə fotosunu Yalta konfransının fotosu ilə yanaşı paylaşıb: “Böyük güclər: 1945, 2026”

Arxiv foto: Yalta konfransı, 1945, Public domain, Wikimedia Commons
22-11-2026 02:50

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci ildə çəkilmiş Yalta konfransı fotosu ilə yan-yana paylaşıb. Kollajın başlığı “Böyük güclər: 1945, 2026” olub.

Kollajın sol tərəfində SSRİ lideri İosif Stalin, ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçill, sağ tərəfində isə Putin, Si Cinpin və Tramp yer alıb.

1945-ci ilin fevralında Krımda keçirilən Yalta konfransında İkinci Dünya müharibəsinin qalib dövlətlərinin liderləri müharibədən sonrakı dünya nizamını müzakirə etmişdilər. Bu görüş tarixdə Avropanın təsir dairələrinə bölünməsinin simvolu kimi xatırlanır.

Tramp bazar gecəsi Çində keçirilən APEC sammitinə səfərindən başqa fotolar da paylaşıb. Putinlə əl sıxdığı fotonun üstünə “Mənim dostum”, Si Cinpinin onu təyyarənin pilləkəni yanında gözlədiyi fotonun üstünə isə “Dostlar” yazıb.

Tramp bu həftə Çində Putinlə görüşə gələndə də onu göstərərək “Mənim dostum” demişdi və bu, ABŞ-də siyasi rəqiblərinin tənqidinə səbəb olmuşdu. Ukrayna prezidenti Volodimir Zelenski isə bundan sonra Putinin Ukrayna üçün “qatil” olduğunu demişdi.

Kollaj Rusiyanın Ukraynaya qarşı müharibəsinin beşinci ilində, ABŞ-nin Kiyevlə Moskva arasında sülh sazişinə çalışdığı vaxtda paylaşılıb.

Digər xəbərlər