Antalyadakı BMT iqlim sammitində yeni saziş layihəsi yayılıb: mətndə qalıq yanacaqdan imtinaya birbaşa çağırış yoxdur

Murat Kurum. Arxiv foto: Avropa Komissiyası, Lukasz Kobus, CC BY 4.0, Wikimedia Commons
22-11-2026 10:54

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim sammitində bazar günü səhər yeni saziş layihəsi yayılıb. Türkiyə və Avstraliyanın birgə ev sahibliyi etdiyi danışıqlar ikinci əlavə gününə keçib, layihənin təsdiqi üçün nəzərdə tutulan iclas isə təxirə salınıb.

Yeni mətndə “qalıq yanacaqdan imtina” ifadəsi yenə yoxdur, lakin ölkələrin üç il əvvəl Dubayda keçirilən COP28-də bu barədə verdiyi öhdəlik xatırlanır. Layihədə ilk dəfə dünyanın istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatmayacağı da etiraf olunur. İqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə məbləği isə gələcək görüşlərə saxlanılıb ki, bu da Afrika ölkələrini narazı sala bilər.

Sammitin sədri, Türkiyənin ətraf mühit naziri Murat Kurum nümayəndələrə “Bu qərara diqqətlə baxmağınızı xahiş edirik. Qalan məsələlərdə razılığa heç vaxt olmadığı qədər yaxınıq”, - deyib. BBC-nin məlumatına görə isə Avropa İttifaqı yeni mətni geriyə addım hesab edir. Aİ-nin iqlim üzrə komissarı Vopke Hukstra bundan bir neçə saat əvvəl blokun tələbləri ödənilməsə, “saziş olmayacağını” bildirmişdi.

Həftə əvvəlində yayılan ilk layihə qalıq yanacaqdan daha sürətli imtinanı nəzərdə tuturdu. Cümə axşamı yayılan ikinci variantda isə kömür, neft və qaz barədə bütün ifadələr çıxarılmışdı və bu, bəzi nümayəndə heyətlərinin sammiti tərk etmək hədəsinə səbəb olmuşdu. Qalıq yanacaq mövzusunda bir-birinə qarşı duran Aİ və Səudiyyə Ərəbistanı şənbə günü kompromis axtarmaq üçün bir araya gətirilib.

Konsensus əldə edilməsə, danışıqlar gələn ilə qədər dayandırıla bilər. 1995-ci ildən bəri bu, yalnız bir dəfə baş verib. Gəlirinin böyük hissəsini neft və qazdan əldə edən Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etmişdi; Bakı sammitində də qalıq yanacaq mövzusu ən çox mübahisə doğuran məsələlərdən olmuşdu.

Digər xəbərlər