Həbsdəki jurnalist Elnarə Qasımova həbsxana rəisinin qadın məhkumları döydüyünü yazır
“Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımova 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Vaqif İsmayılovun məhkumları döydüyünü və ardınca onları cərimə təcridxanasına - məhbusların dilində “kars”a - göndərdiyini yazır. Jurnalist bu iddiaları həmin müəssisədə saxlanılan məhkumların sözlərinə əsaslanaraq qələmə alıb, yazını “Toplum TV” yayıb.
Qasımovanın yazdığına görə, İsmayılov bu müəssisəyə ikinci dəfədir rəhbərlik edir: onun ilk rəisliyi 1 il 2 ay çəkib və çoxsaylı şikayətlərdən sonra vəzifədən azad olunub. Bu ilin aprelində ədliyyə naziri Fərid Əhmədovun əmri ilə müəssisənin rəisi Elgiz İsmayılov vəzifədən götürülüb, yerinə yenidən Vaqif İsmayılov təyin edilib.
Məhkumların sözlərinə görə, yeni rəis qayıtdıqdan sonra onların qarşısındakı ilk çıxışında vaxtilə barəsində yazılan şikayətlərə eyham vurub: “Köhnələr bilir, mən əvvəl döymüşəm. Amma indi döyməyəcəm. İndi “kars” var, dubinka var, qanun icazə verir. Bunlardan istifadə edəcəm”. Məhkumlar deyir ki, o, vəzifəyə qayıtmasından 15 gün sonra qadın məhkumlardan birini öz kabinetində döyüb və “kars”a göndərib.
“Qadınları döyür, yetirdiyi xəsarətlər görünməsin deyə onları “kars”a göndərir. Məhkumun bədənindəki zorakılıq əlamətləri keçəndən sonra “kars” müddəti də başa çatır”, - Qasımova yazır. Jurnalistin sözlərinə görə, məhkumlar ərizələrinin oxunduğu və telefon danışıqlarının dinlənildiyi üçün rəisdən şikayət edə bilmirlər.
Yazıda həmçinin iddia olunur ki, rəis müəssisənin təmiri üçün məhkumlardan pul yığır, pul verməyənləri isə peşə məktəbinin yataqxanası kimi ayrılmış, şəraiti daha pis olan binaya köçürür. Məhkumların ailələrindən sovqatın səliqə ilə yoxlanması və görüşdə uzun oturmaq üçün 20-50 manat alındığı deyilir.
Vaqif İsmayılov və Penitensiar Xidmət iddialarla bağlı hələlik açıqlama verməyib. Elnarə Qasımova “Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilib; həbsxanadan yazdığı yazılara görə bu il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatının “Yerli jurnalist” kateqoriyasında ikinci yerə layiq görülüb.