Rusiyanın NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq tələbi Cənubi Qafqaz və Mərkəzi Asiyada narahatlıq yaradır
Rusiyanın Ukrayna müharibəsinin bitirilməsi üzrə danışıqlarda NATO qüvvələrinin 1997-ci il mövqelərinə çəkilməsi tələbini yenidən irəli sürməsi təkcə Avropada deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada da diqqətlə izlənir.
Azadlıq Radiosu bölgədəki keçmiş hərbçi və diplomatlarla danışaraq yazır ki, bu tələb həyata keçsə, NATO-nun keçmiş sovet ölkələri ilə qurduğu əməkdaşlıq da zərbə alar. Rusiyanın tələbləri əks olunan danışıqlar sənədi barədə ilk dəfə noyabrın 13-də “The New York Times” qəzeti yazmışdı. Sənədin noyabrın 10-11-də Əbu-Dabidə keçirilən ABŞ-Rusiya-Ukrayna danışıqlarında yayıldığı deyilir.
Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına 1994-cü ildə, Tacikistan isə 2002-ci ildə qoşulub. Üzvlük tələb etməyən bu proqram hərbi təlim, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, kibertəhlükəsizlik və orduların modernləşdirilməsini əhatə edir. Azadlıq Radiosunun yazdığına görə, Azərbaycan və Ermənistan alyansla daha seçici əlaqələr saxlayır, Mərkəzi Asiya ölkələri isə proqramdan əsasən hərbi təhsil üçün istifadə edir.
Gürcüstan Baş Qərargahının iki dəfə rəisi olmuş, NATO və Aİ yanında hərbi nümayəndə vəzifəsində çalışmış Vaxtanq Kapanadze bildirib ki, bu əlaqələr qırılarsa, ölkələr alternativ hərbi təcrübəyə, təlim şəbəkələrinə və Qərb standartlarına çıxışı itirəcək və yeni tərəfdaş kimi Rusiyaya və ya Çinə üz tuta bilərlər. “Ukrayna, Gürcüstan və ya digər postsovet ölkələrinə aid istənilən razılaşma həmin ölkələrin özlərinin iştirakı ilə olmalı və onların suveren seçiminə hörmət etməlidir”, - deyə o qeyd edib.
NATO rəsmisi Rusiyanın adını çəkmədən yazılı cavabında bildirib ki, tərəfdaşlıqların gələcəyi ilə bağlı qərar yalnız müttəfiqlərin və müvafiq tərəfdaş ölkələrin səlahiyyətindədir.
Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz və Mərkəzi Asiya hökumətləri sızan Rusiya sənədinə hələlik açıq reaksiya verməyib. Qırğızıstanlı politoloq Emil Coroyev bu tələbi bölgə ölkələrinin müstəqil xarici siyasət hüququnu məhdudlaşdırmaq cəhdi adlandırıb. Qırğızıstanın ABŞ-dəki keçmiş səfiri Bakıt Amanbayev isə Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərini birgə mövqe açıqlamağa çağırıb.
