Beynəlxalq Mətbuat İnstitutu “Abzas Media” jurnalistlərinin dərhal azad edilməsini tələb edir

Foto: Voice of America, Public domain, Wikimedia Commons
21-11-2026 13:35

Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu (IPI) “Abzas Media”ya qarşı həbslərin başlamasının üçüncü ildönümündə bəyanat yayıb. Təşkilat media qurumunun əməkdaşlarının və Azərbaycanda həbsdə olan digər jurnalistlərin dərhal və şərtsiz azad edilməsini tələb edib.

Noyabrın 20-də yayılan bəyanatda qeyd olunur ki, “Abzas Media”nın altı əməkdaşı jurnalist fəaliyyətinə görə hələ də həbsdədir. IPI bəyanatında Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına istinad edilir: Azərbaycanda azı 36 jurnalist və media işçisi həbsdədir və bu göstəriciyə görə ölkə regionda birinci yerdədir.

Həbslər 2023-cü il noyabrın 20-də direktor Ülvi Həsənlinin saxlanılması ilə başlayıb. Sonrakı aylarda qurumun daha beş əməkdaşı və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də həbs edilib. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, layihə koordinatoru Məhəmməd Kekalova 7 il 6 ay həbs cəzası verib. Jurnalistlər maliyyə cinayətlərində ittiham olunub; IPI isə işin qurumun korrupsiya araşdırmalarına görə siyasi motivli təqib kimi qiymətləndirildiyini yazır.

Bəyanatda “Abzas Media” ilə əməkdaşlığına görə həbs edildiyi bildirilən kibertəhlükəsizlik mütəxəssisi İlqar Əliyevin ölümü də xatırlanır. Ayrı işdə 4 il həbs cəzası alan, cəzası sonradan 3 ilə endirilən İlqar Əliyev 2026-cı ilin mayında həbsdə vəfat edib; o, həbsdən sonra işgəncəyə və pis rəftara məruz qaldığını demişdi.

IPI-nin yazdığına görə, Ülvi Həsənli həbsdə lazımi tibbi yardım almayıb və saxlanma yerinin iki əməkdaşı tərəfindən döyüldüyünü bildirib. Həsənli 2025-ci ilin avqustunda 17 günlük aclıq aksiyasını dayandırıb.

Təşkilat bu il “Abzas Media” və “Meydan TV”nin “Free Media Pioneer” mükafatına layiq görüldüyünü də xatırladıb. “Abzas Media” IPI-nin üzvüdür.

Digər xəbərlər