Litva Rusiyanın Kalininqrad vilayətinə dron hücumunda iştirakını rədd edir

Foto: 15min, CC BY 3.0, Wikimedia Commons
22-11-2026 15:21

Litva Rusiyanın Kalininqrad vilayətinə dron hücumu ilə əlaqəsi olduğu barədə ehtimalları rədd edib. Ölkənin xarici işlər naziri Kęstutis Budris noyabrın 21-i gec saatlarında X sosial şəbəkəsində yazıb: “Litva heç vaxt Rusiya Federasiyası ərazisindəki hədəflərə zərbə endirmək üçün öz hava məkanından istifadəyə icazə verməyib, bu hal da daxil olmaqla”.

Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi də ölkə ərazisi üzərindən dron uçuşunun qeydə alınmadığını bildirib. Mərkəz Rusiya rəsmilərinin açıqlamalarının “Litvanın və ya NATO-nun Rusiya obyektlərinə hücumlara kömək etdiyi barədə yanlış təəssürat yaratmağa” yönələ biləcəyini istisna etməyib.

Noyabrın 21-də Kalininqrad vilayətində hava hücumu həyəcanı elan olunmuşdu. Vilayətin qubernatoru Aleksey Besprozvannıx xəbərdarlıq sisteminin Neman rayonunda “Litva tərəfdən gələn şübhəli obyektə” görə işə düşdüyünü, yoxlamadan sonra təhlükə aşkarlanmadığını yazmışdı. Xrabrovo hava limanında uçuşlar müvəqqəti dayandırılmışdı.

Bundan sonra Rusiya Baltik Donanmasının bazası olan Baltiysk şəhərində hava hücumundan müdafiə sistemlərinin işlədiyi, sakinlərin liman ərazisində partlayış səsləri eşitdiyi bildirilib. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Kalininqrad vilayətində hava hücumundan müdafiənin ilk dəfə işə salındığı haldır.

Rusiya rəsmiləri daha əvvəl Baltik ölkələrini Ukrayna dronları üçün “hava dəhlizləri” verməkdə ittiham ediblər.

Digər xəbərlər