Zelenski: Rusiya bir həftədə Ukraynaya 2700 dron və 165 raket atıb, Moskva Şimali Koreya raketlərinin dəqiqliyini artırır

Foto: Аимаина хикари, CC BY-SA 4.0, Wikimedia Commons
22-11-2026 13:32

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Rusiya son bir həftədə Ukraynanın 20 regionuna zərbələr endirib. Onun sözlərinə görə, Rusiya qüvvələri həftə ərzində təxminən 2700 pilotsuz uçuş aparatı, 1460-a yaxın idarəolunan aviasiya bombası və müxtəlif tipli 165 raket atıb.

Zelenski raketlərin əhəmiyyətli hissəsinin ballistik raketlər olduğunu, onların arasında Şimali Koreya istehsalı raketlərin də olduğunu bildirib. Ukrayna Prezidenti Moskvanın Pxenyana bu raketlərin dəqiqliyini artırmaqda kömək etdiyini iddia edib.

Zelenskinin sözlərinə görə, Kiyev vilayətinin Dımer qəsəbəsində Rusiya dronunun vurduğu beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Hadisə yerindən 9 nəfər təxliyə edilib, yanğın söndürülüb. Daha 14 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb və onların dağıntılar altında qala biləcəyi ehtimal edilir. Axtarış-xilasetmə işləri davam edir.

Ukrayna Prezidenti Zaporojyedə yaşayış binalarına endirilən aviazərbələr nəticəsində bir uşağın yaralandığını da bildirib.

Zelenski hava hücumundan müdafiəni gücləndirməyə çağırıb və ABŞ-dən tərəfdaş ölkələrin PURL proqramı çərçivəsində maliyyələşdirdiyi “Patriot” raketlərinin Ukraynaya təhvil verilməsinə icazə verməsini istəyib.

Digər xəbərlər