Həbsdəki jurnalist Fatimə Mövlamlı Bakı təcridxanasının rəis müavininin qadın məhbusları cinsi zorakılıqla hədələdiyini yazır
Foto: Ulviyya Guliyeva, Public domain, Wikimedia Commons“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin noyabrın 21-də qadın məhbusları təhqir etdiyini və onları cinsi zorakılıqla hədələdiyini iddia edir. Jurnalist bu barədə təcridxanadan məktub göndərib.
“Meydan TV”nin dərc etdiyi məktubda Mövlamlı yazır ki, hadisələr təcridxananın Tibb-Sanitar Hissəsində noyabrın 20-də başlayıb. Onun sözlərinə görə, həmin axşam kameraların nəfəslikləri eyni anda bağlanıb, “hicaba azadlıq” aksiyalarına görə həbs olunan Nübar Həsənova və Nərgizxanım Məmmədova Lənkəran Penitensiar Kompleksinə köçürülüb. Jurnalist qadınların kameralarından zorla, sürüyə-sürüyə aparıldığını iddia edir.
“Meydan TV”nin ayrıca reportajına görə, qadınlara hara aparıldıqları əvvəlcədən deyilməyib. Onlarla eyni kamerada saxlanılan Çinarə Dərgahova təcridxananın qadın korpusuna keçirilib. Digər iki inanclı məhbus, Aytən Həsənova və Nigar Bağırova, buna etiraz olaraq dəhlizdə yerə oturub. Nəşrin yazdığına görə, aksiyanı rəis müavini Ceyhun Hacıyev telefonla çəkib və o gün fiziki təzyiq göstərilməyib; qadınlara köçürülən məhbuslarla ertəsi gün əlaqə saxlamağa icazə veriləcəyi vəd olunub.
Mövlamlı yazır ki, bu vəd yerinə yetirilməyib və noyabrın 21-də Tibb-Sanitar Hissəsinə gələn Cavid Güləliyev inanclı qadınların kamerasının qapısını təpikləyib, onları söyüb. Jurnalist araya girmək istəyəndə özünün də hədələndiyini, Güləliyevin ona “Sən öl tapdalayaram səni. Mənə qadın kişi fərq eləmir”, - dediyini bildirir. Onun iddiasına görə, inanclı qadınlar axşama qədər təkadamlıq kamerada yeməksiz və susuz saxlanılıb, əməkdaşlardan biri onları hicablarını açmaqla hədələyib.
Məktubda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin ağır əməliyyatdan yeni çıxdığı halda kameranın nəfəsliyi bağlandıqdan sonra səhhətinin pisləşdiyi, məhbusların saat 16:00-a qədər telefon əlaqəsindən məhrum edildiyi yazılır.
Fatimə Mövlamlı Ədliyyə Nazirliyindən və aidiyyəti qurumlardan baş verənlərin araşdırılmasını və məhbusların təhlükəsizliyinin təmin olunmasını tələb edir.
Nübar Həsənova, Nərgizxanım Məmmədova və Çinarə Dərgahova oktyabrın 13-də saxlanılıb; Xəzər Rayon Məhkəməsi onlar barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) ilə həbs qərarı seçib. Qadınlar özlərini təqsirli bilmir və yalnız hicab azadlığı tələb etdiklərini deyirlər.
