İranda elektrik enerjisi gündə iki saatadək kəsiləcək, bəzi əyalətlərdə subsidiyalı çörək limitlə satılır
İllüstrativ foto: Danielle Harte (#IranOpenAlbum), CC BY 2.0, Wikimedia Commonsİranda noyabrın 22-dən elektrik enerjisinin verilməsinə məhdudiyyət tətbiq olunur. Ölkənin milli elektrik şirkətinin rəhbəri Məhəmməd Allahdad dövlət televiziyasına deyib ki, yanacaq təchizatındakı vəziyyətə görə elektrik sektoru bazar günündən paylanmanı məhdudlaşdırmağa məcburdur. Onun sözlərinə görə, kəsintilər əraziyə görə gündə iki saata qədər davam edəcək.
Prezident Məsud Pezeşkian enerji problemlərinin fevralın sonunda başlayan ABŞ və İsrail zərbələrindən sonra kəskinləşdiyini bildirib. ISNA agentliyinin yaydığı sözlərinə görə, Pezeşkian “ölkənin qaz infrastrukturuna hücum vəziyyəti ağırlaşdırıb, ona görə də bu qış çətinliklər gözləməliyik”, - deyib.
Eyni vaxtda ən azı üç əyalətdə - Mərkəzi, Xuzistan və Zəncanda - subsidiyalı çörəyin satışına limit qoyulub. Daxili İşlər Nazirliyinin “çörək alışının idarə edilməsi” adlı sxemi çörəkxanaların kart oxuyucuları vasitəsilə işə salınıb; ailənin aylıq kvotası bitəndə çörək beş dəfədən çox baha qiymətə satılır. İran mediasının noyabrın 18-də yazdığına görə, bu barədə ictimai elan verilməyib, nə çörəkçilərə, nə də alıcılara məlumat verilib.
Rəsmilər çörək limiti barədə bir-birinə zidd açıqlamalar verib. Addımı iqtisadçılar, hətta mühafizəkar mətbuat da tənqid edib. Limit tətbiq olunan Zəncan əyalətinin əhalisinin əksəriyyəti azərbaycanlılardır.
İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrdən olsa da, uzun illərdir daxili enerji tələbatını ödəməkdə çətinlik çəkir. Bunun səbəbləri sırasında köhnəlmiş elektrik şəbəkəsi, illərlə az sərmayə qoyulması və Qərb sanksiyaları göstərilir.
ABŞ prezidenti Donald Tramp isə “Fox News” telekanalına Tehranla gələcək prezidentlərin poza bilməyəcəyi “daimi” razılaşma istədiyini deyib. İsrailin “Kanal 12” telekanalına telefon müsahibəsində o, İranla bağlı qərar verməyə tələsmədiyini bildirib: “Yeni il başlayandan sonra nə olacağına baxarıq”. CBS telekanalı mənbələrə istinadən yazır ki, Qətər və Omanın vasitəçiliyi ilə aylardır davam edən danışıqlar nəticə vermədiyi üçün ABŞ və İsrail İrana yeni zərbələr endirməyi müzakirə edir.