Rusiyanın Kalininqrad vilayətində müharibə başlayandan bəri ilk dəfə hava hücumu sirenləri səslənib
Rusiyanın Baltik dənizi sahilindəki Kalininqrad vilayətində noyabrın 21-i axşam hava hücumu sirenləri səslənib. “Meduza” nəşrinin yazdığına görə, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri vilayətdə ilk belə haldır.
Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx bildirib ki, Litva ilə sərhəddəki Neman rayonunda dron təhlükəsi barədə xəbərdarlıq sistemi işə düşüb. Onun sözlərinə görə, sistem “Litva tərəfdən gələn şübhəli obyektə” reaksiya verib, yoxlamadan sonra təhlükə aşkarlanmayıb. Yoxlama zamanı Xrabrovo hava limanında təyyarələrin qəbulu və uçuşu müvəqqəti məhdudlaşdırılıb, sonra məhdudiyyət götürülüb.
Rusiya Baltik Donanmasının bazası yerləşən Baltiysk şəhərinin sakinləri hava hücumundan müdafiə sistemlərinin işlədiyini deyiblər. Ziyan barədə etibarlı məlumat yoxdur. Rəsmilər internetdə yayılan Baltiyskdə partlayış fotosunun saxta olduğunu bildirib.
Litvanın xarici işlər naziri Kęstutis Budrys “X” sosial şəbəkəsində yazıb ki, Vilnüs Kalininqrad vilayətinə dron hücumunda iştirakla bağlı iddiaları qəti şəkildə rədd edir. “Litva heç vaxt Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün öz hava məkanından istifadəyə icazə verməyib”, - deyə nazir yazıb.
Bundan bir gün əvvəl Fin körfəzində Leninqrad vilayəti ilə Kalininqrad arasında üzən “Sparta II” yük gəmisi dron hücumuna məruz qalıb və yanıb, heyət təxliyə olunub. Gəmi Rusiya Müdafiə Nazirliyi üçün işləyən və ABŞ sanksiyaları altında olan “Oboronlogistika” şirkətinə məxsusdur. Finlandiya rəsmiləri hadisədən sonra müharibənin regiona “sıçradığını” deyiblər.