Bəhreyn İranın hücumları fonunda əhalini yenidən təhlükəsiz yerlərə keçməyə çağırıb
Bəhreynin Daxili İşlər Nazirliyi 22 noyabr səhər saatlarında əhaliyə ikinci dəfə xəbərdarlıq edərək vətəndaşları və ölkədə yaşayan əcnəbiləri ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb.
Nazirlik əvvəlcə təhlükə barədə xəbərdarlıq yayıb, sonra təhlükənin sovuşduğunu elan edib. Qısa müddət sonra isə əhaliyə yeni xəbərdarlıq göndərilib.
Bəhreyn Müdafiə Qüvvələrinin açıqlamasına görə, İranın həyata keçirdiyi bir neçə hava hücumunun qarşısı alınıb. Hava hücumundan müdafiə sistemlərinin işi zamanı yerə düşən qəlpələr maddi ziyana səbəb olub, ölən və yaralanan olmayıb. Bəhreyn rəsmiləri bundan əvvəl İranın hücumu nəticəsində ölkədə mülki sənaye obyektində yanğın baş verdiyini də açıqlamışdı.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki ABŞ hərbi obyektlərini raket və dronlarla vurduğunu bəyan edib. Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.
Fars körfəzində gərginlik ABŞ ilə İran arasında davam edən müharibə fonunda artır. Körfəz ölkələrindəki hücumlar neft və qaz daşımalarına, o cümlədən Hörmüz boğazından keçən tankerlərə risk yaradır ki, bu da neft qiymətlərinə və Azərbaycan büdcəsinin əsas gəlir mənbəyinə birbaşa təsir edir.