Tramp İranla “daimi” razılaşma istəyir, Tehran isə Hörmüzün açılmasını öz tələblərinə bağlayır

Arxiv foto: The White House, Public domain, Wikimedia Commons
21-11-2026 20:49

ABŞ Prezidenti Donald Tramp İranla nüvə məsələsi üzrə müvəqqəti deyil, müddətsiz razılaşma əldə etmək istədiyini bildirib. Şənbə günü “Fox News” telekanalına müsahibəsində o, bunu gələcək ABŞ rəhbərləri ilə əlaqələndirib: “Mən müddətsiz razılaşma istəyirəm. Bu, dörd, 15 və ya 20 il sonra səriştəsiz prezidentimiz olacağı halda lazımdır. İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyəm”.

Tramp İranda rejim dəyişikliyinin hazırda onu maraqlandırmadığını da deyib. Bir gün əvvəl o, Tehranın təklif etdiyi razılaşmanı qəbul etmədiklərini bildirmişdi: “Razılaşma bağlamaq istəyirik, amma onu mən qəbul etməliyəm. Bu, saxta yox, real razılaşma olmalıdır”.

Tehran isə öz şərtlərini önə çəkir. İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına deyib: “Bizim mövqeyimiz aydındır: İranın tələbləri yerinə yetirilənə qədər Hörmüz boğazı və onun açılması məsələsi əhəmiyyətsizdir”. Nazirin sözlərinə görə, Tehran danışıqlara da, müdafiəyə də hazırdır, vasitəçilər isə tərəflər arasında mütəmadi gedib-gəlir; şənbə gecəsi Tehranda Qətər nümayəndə heyəti ilə danışıqlar aparılıb.

Vaşinqtonda isə müharibənin özü mübahisə mövzusudur. “The Guardian” qəzetinin yazdığına görə, cümə günü Ağ Evdəki mətbuat konfransında vitse-prezident C.D. Vens Trampın İranın fevralda nüvə silahı əldə etməyə çox yaxın olduğu barədə iddiasını təsdiqləməkdən yayınıb. Vens bu ay keçirilən aralıq seçkilərindən sonra Respublikaçıların məğlubiyyətini məhz İran müharibəsi ilə izah etmişdi. 2025-ci ilin martında o vaxtkı milli kəşfiyyat direktoru Tulsi Qabbard Konqresə ABŞ kəşfiyyatının İranın nüvə silahı yaratmadığı qənaətində olduğunu demişdi.

Hörmüz boğazı dünya neft ticarətinin əsas yollarından biridir və buradakı gərginlik neft qiymətlərinə birbaşa təsir edir. Neft gəlirlərindən asılı olan Azərbaycan büdcəsi üçün də bu qiymətlər mühüm göstəricidir.

Digər xəbərlər