Danimarka Rusiyanı ukraynalı reperə sui-qəsd planlaşdırmaqda ittiham edərək Rusiya hərbi attaşesini ölkədən çıxarır
Danimarka hökuməti Rusiyanın Kopenhagendəki hərbi attaşesinin yeddi gün ərzində ölkəni tərk etməli olduğunu bildirib. Xarici işlər naziri Lars Lökke Rasmussen noyabrın 20-də mətbuat konfransında Rusiya səfirinin nazirliyə çağırıldığını və qərarın ona çatdırıldığını deyib. Nazirin sözlərinə görə, Danimarka Rusiya vətəndaşları üçün Şengen vizalarının dayandırılmasını da müzakirə edir.
Qərar Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (PET) Rusiya kəşfiyyatını Kopenhagen ətrafında çıxış edəcək ukraynalı reperi öldürməyi planlaşdırmaqda şübhələndirdiyini açıqlamasından bir neçə saat sonra verilib. Danimarkanın ictimai yayımçısı DR yazır ki, söhbət həm Ukrayna, həm də ABŞ vətəndaşlığı olan Kyivstoner təxəllüslü reperdən gedir.
PET-in açıqlamasına görə, sentyabrın 25-də konsert məkanının yaxınlığında üç nəfər avtomobildə saxlanılıb, maşında odlu silah və bıçaqlar tapılıb. Məhkəmə sənədlərində şübhəlilərin konsertin başlamasına beş dəqiqə qalmış tutulduğu, onlardan birinin konsertə bilet aldığı göstərilir; konsert ləğv olunub. İki Danimarka vətəndaşı qəsdən adam öldürməyə cəhddə və xarici kəşfiyyat xidmətinə kömək etməkdə ittiham olunur. Polis və PET planın 2021-ci ildən qadağan olunan “Loyal to Familia” cinayətkar dəstəsinin köməyi ilə hazırlandığından şübhələnir.
PET rəhbəri Rasmus Kiffer-Kristensen jurnalistlərə Danimarkada Rusiyanın sui-qəsd cəhdinə əvvəllər rast gəlmədiklərini, bunun getdikcə daha aqressiv və risk etməyə hazır Rusiya təəssüratı yaratdığını deyib. Baş nazir Mette Frederiksen ölkəsinin “küncə sıxışdırılmış Rusiya” ilə üz-üzə olduğunu bildirib, ən güclü cavabın Ukraynaya dəstəyi davam etdirmək olduğunu əlavə edib. Avropa Şurasının prezidenti Antoniu Koşta iddia edilən sui-qəsd cəhdini “qəbuledilməz” adlandırıb və cavabsız qalmayacağını deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın “müvafiq cavab” verəcəyini bildirib. Rusiyanın Kopenhagendəki səfirliyi isə çıxarılma qərarını “qisasçı” adlandırıb və Danimarkanın bu cinayətdə Rusiyanın iştirakına dair heç bir sübut təqdim etmədiyini yazıb.
