Həbsdəki jurnalistlər Aytac Tapdıq və Ülviyyə Əli beynəlxalq kampaniyanın siyahısına salınıb

Foto: Voice of America, Public domain, Wikimedia Commons
22-11-2026 13:42

“Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalistlər Aytac Tapdıq və Ülviyyə Əli (Quliyeva) Qadın Hüquq Müdafiəçilərinin Beynəlxalq Koalisiyasının (WHRDIC) 2026-cı il kampaniyasına daxil edilib. Koalisiya noyabrın 16-da “Spreading the Echo” (“Sədaların yayılması”) adlı kampaniya elan edib və fəaliyyətinə görə müxtəlif ölkələrdə həbs olunan 30 qadının hekayəsini ictimaiyyətə çatdırır.

Koalisiyanın saytında yayımlanan siyahı Aytac Tapdığın hekayəsi ilə başlayır. Təşkilat onu qadınlara qarşı zorakılıq, sosial bərabərsizlik və etiraz aksiyaları barədə reportajlar hazırlayan jurnalist və feminist fəal kimi təqdim edir. Aytac Tapdıq 2024-cü il dekabrın 6-da müstəqil mediaya qarşı həbslər dalğasında saxlanılıb.

Koalisiyanın açıqlamasına görə, jurnalist həbsdən sonra hökumətyönlü telekanallarda qaralama kampaniyasına məruz qalıb. Təşkilat 2026-cı il fevralın 18-də təcridxana əməkdaşlarının ona fiziki zorakılıq göstərdiyini və zorlama ilə hədələdiyini iddia edir. Koalisiya onun nəfəsalma problemi yaşadığını, amma lazımi tibbi yardım almadığını da yazıb.

Ülviyyə Əli 2025-ci il mayın 7-də eyni iş üzrə saxlanılıb. Koalisiya onun 2016-cı ildən müstəqil media ilə işlədiyini, reportajlarında ayrı-seçkilik və insan hüquqlarının pozulmasından yazdığını xatırladır. Jurnalist ittihamları qəbul etmir, “Meydan TV” ilə əlaqəsi olmadığını və həbsinin peşə fəaliyyətinə görə olduğunu deyir.

“Meydan TV işi” üzrə jurnalistlərə qaçaqmalçılıq və digər iqtisadi cinayətlər ittiham kimi irəli sürülüb, onlar ittihamları rədd edirlər. Kampaniya qadınlara qarşı zorakılığa həsr olunan beynəlxalq 16 günlük fəallıq təşəbbüsü ilə bağlıdır və onu “Front Line Defenders”, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) və İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) dəstəkləyir. Koalisiya həbsdəki bütün qadın hüquq müdafiəçilərinin dərhal azad edilməsini tələb edir.

Digər xəbərlər