Zelenski G20 sammitində Tramp və Putinlə üçtərəfli görüşün mümkün olduğunu deyir

Foto: President Of Ukraine, CC0, Wikimedia Commons
21-11-2026 19:34

Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 21-də jurnalistlərə deyib ki, dekabrın 14-15-də ABŞ-də keçiriləcək “Böyük iyirmilər” (G20) sammitində onun Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşü mümkündür. Ukrayna hələ sammitə dəvət almayıb, Ağ Ev də bu barədə yekun qərar verməyib.

Zelenskinin sözlərinə görə, bir neçə ölkənin lideri Trampın komandasına Ukraynanı sammitə rəsmən dəvət etməyi təklif edib. O bildirib ki, dəvət gələrsə, Ukrayna mütləq iştirak edəcək. Zelenski həmçinin deyib ki, ABŞ Konqresinin bəzi üzvləri Trampın Putini sammitə dəvət etməsindən narazıdır, amma Ukrayna da dəvət olunarsa, üçtərəfli görüşü hamı dəstəkləyər.

Ukrayna prezidenti bildirib ki, Trampın komandası Ukrayna ilə Rusiya arasında yeni danışıqları Miladdan əvvəl təşkil etmək niyyətindədir. Onun sözlərinə görə, əvvəlcə texniki görüşlər keçiriləcək və gələcək danışıqların məzmunu orada hazırlanacaq; üçtərəfli görüşün yeri və vaxtı yalnız bundan sonra razılaşdırıla bilər. Zelenski ABŞ-nin təklifi ilə razılaşdığını deyib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Kirill Budanov isə “24 Kanal”a müsahibəsində müharibənin yanvaradək bitməsini “möcüzə” adlandırıb. Budanov bunu hamının istədiyini, amma real olub-olmamasının bir çox amildən asılı olduğunu deyib.

“Financial Times” qəzeti noyabrın 20-də yazmışdı ki, Tramp Kiyevin Rusiya ilə sülh sazişini yanvaradək bağlamasını istəyir.

Digər xəbərlər