Azərbaycan döyüşçüsü Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
Azərbaycan döyüşçüsü Tahir Abdullayev UFC-dəki ikinci döyüşündə də qalib gəlib. Qətərin paytaxtı Dohada keçirilən turnirdə o, yarımorta çəkidə (77 kq) avstraliyalı Ceyk Metyusla (Jake Matthews) üç raund döyüşüb və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
29 yaşlı Abdullayevin qarışıq döyüş sənətlərində 21 qələbəsi və 3 məğlubiyyəti var. 32 yaşlı Metyus üçün bu, UFC-dəki 25-ci döyüş idi; onun hesabında 16 qələbə və 9 məğlubiyyət var.
Abdullayev UFC-dəki ilk döyüşünü bu il iyunun 27-də Bakıda, Milli Gimnastika Arenasında keçirilən UFC Fight Night turnirində keçirib. O zaman braziliyalı Ceferson Nasimentonu üçüncü raundda texniki nokautla məğlub edib.
UFC-də hazırda bir neçə azərbaycanlı döyüşçü çıxış edir. Tofiq Musayev, Tahir Abdullayev və Fərman Həsənov liqada ilk döyüşlərini Bakı turnirlərində keçiriblər, sentyabrda isə onlara Məhəmmədəli Osmanlı qoşulub.