Həbsdəki Sevinc Vaqifqızı BBC-yə həbsxanadan necə yazdıqlarını danışıb
Doqquz il həbs cəzası alan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı BBC-nin Rus xidmətinin suallarını həbsxanadan məktubla cavablandırıb. O, həmkarları Nərgiz Absalamova və Elnarə Qasımova ilə birlikdə həbsdə olduqları müddətdə həbsxana həyatı barədə yazılar hazırlayıb azadlığa çatdırdıqlarını danışıb.
BBC yazır ki, jurnalistlərin yazıları məhbuslara verilən yemək, istintaq təcridxanasındakı rüşvət, qadın məhbusların hüquqları və tibbi xidmət çatışmazlığı haqqındadır. Nərgiz Absalamovanın yazısında deyilir ki, məhbusların yeməyində norma ilə nəzərdə tutulan balıq, yumurta və meyvə yoxdur, normal yeməyi isə ildə iki dəfə - İlham Əliyevin doğum günündə və Heydər Əliyevin vəfat günündə verirlər. Elnarə Qasımova qadın məhbuslara iş haqqının kişilərdən gec ödənildiyini yazıb.
Sevinc Vaqifqızının sözlərinə görə, hər yazının hazırlanması iki-üç ay çəkir, ən çətini isə məlumatı yoxlamaqdır. Məhbuslara nə verilməli olduğunu öyrənmək üçün anasından Nazirlər Kabinetinin müvafiq qərarını gətirməyi xahiş edib, amma sənədi içəri buraxmayıblar. Jurnalist deyir ki, sənəd sonradan əldə edilib və yazı dərc olunandan iki ay sonra qadın məhbuslara illərdir almadıqları ərzaq və gigiyena vasitələri verilib.
Sevinc Vaqifqızı həmçinin bildirib ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli altı ay ərzində kamerasının qarşısındakı karserdə saxlanılan məhbuslara qarşı işgəncələri qeydə alıb; Həsənlinin sözlərinə görə, bu müddətdə həmin korpusda 50-dən çox məhbus işgəncəyə məruz qalıb. Baş redaktorun dediyinə görə, yazıdan sonra Ülvi Həsənlinin bir yaşlı qızı ilə görüşlərinə icazə verilməyib, amma korpusdakı işgəncələr dayanıb. Azərbaycan hakimiyyəti həbsxanalarda işgəncə iddialarını ardıcıl olaraq inkar edir. BBC Penitensiar Xidmətə sorğu göndərdiyini və cavab gözlədiyini yazır.
Jurnalistin sözlərinə görə, həbsxana rəhbərliyi onların işinə mane olmağa çalışıb: onları ayrı kameralara salıb, göndərilən bağlamaları diqqətlə axtarıb, digər məhbuslara onlarla danışmağı qadağan edib. 2025-ci ilin sentyabrında, hökmdən iki ay sonra, jurnalistlər Bakı ətrafındakı təcridxanadan paytaxtdan 250 kilometr uzaqdakı, əvvəllər qadın bölməsi olmayan yeni həbsxanaya köçürülüb.
“Abzas Media”nın hazırkı baş redaktoru Günel Səfərova BBC-yə deyib ki, redaksiyanın Azərbaycanda bir nəfər də olsun əməkdaşı qalmayıb və indi onların iki komandası var: biri mühacirətdə, digəri həbsxanada. AŞPA-nın məlumatına görə, Azərbaycan həbsxanalarında 36 jurnalist saxlanılır. İlham Əliyev 2024-cü ildə ölkədə media azadlığının təmin olunduğunu deyib, jurnalistlərin həbsinin səbəbi kimi isə “xaricdən qanunsuz maliyyələşmə”ni göstərib.
