Rusiyanın Krasnodar şəhərində Ukrayna dronlarının Rosqvardiya idarəsini vurduğu deyilir
Rusiyanın cənubundakı Krasnodar şəhərində 22 noyabr gecəsi Ukrayna dronlarının hücumundan sonra partlayışlar eşidilib və tüstü qalxıb. Hücumun Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Krasnodar diyarı üzrə Baş İdarəsinin yerləşdiyi əraziyə dəydiyi deyilir.
Müstəqil Rusiya nəşri “Astra” yazır ki, oxucuların göndərdiyi fotoları və monitorinq kanallarında yayılan videonu təhlil edən eksperti yanğının ünvanını Krasnodarın Çerkasskaya küçəsi kimi müəyyənləşdirib. Nəşrin məlumatına görə, əvvəllər orada hərbi hissə yerləşirdi, indi isə həmin ünvanda Rosqvardiyanın diyar idarəsi fəaliyyət göstərir.
Krasnodar meriyası şəhərə dron hücumunun dəf edildiyini bildirib, amma nəticələri barədə məlumat verməyib. Şəhər hava limanında şənbə axşamından tətbiq edilən uçuş məhdudiyyətləri səhər saatlarında da qalırdı. Bəzi Rusiya və Ukrayna “Telegram” kanalları diyardakı Afipski neft emalı zavodunun da hədəfə alındığını yazsa da, bu məlumat rəsmi şəxslər tərəfindən təsdiqlənməyib. Həmin zavod sonuncu dəfə 18 noyabr gecəsi hücuma məruz qalmışdı.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, gecə ərzində 170 Ukrayna pilotsuz uçuş aparatı vurulub. Nazirlik dronların Bryansk, Belqorod, Kursk, Voronej, Tula, Rostov vilayətləri, Krasnodar diyarı, Krım, eləcə də Azov və Qara dəniz üzərində məhv edildiyini bildirib.
Eyni gecə Rusiya da Ukraynaya dronlarla hücum edib. Poltava vilayət hərbi administrasiyasının məlumatına görə, Kremençuk rayonunda bir dron özəl müəssisənin ərazisinə düşüb, ilkin məlumata görə xəsarət alan olmayıb. Xarkovun Kiyev rayonunda isə dron zərbəsi nəticəsində yanğın baş verib, nəticələr dəqiqləşdirilir.
