İran Keşikçilər Korpusu Omanın Xasab limanı yaxınlığında daha bir tankerin minaya düşüb yandığını deyir
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri noyabrın 20-də Hörmüz boğazında daha bir neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb. SEPAH-ın məlumatına görə, partlayış və yanğın Omanın Musəndəm yarımadasındakı Xasab limanının girişində baş verib.
SEPAH iddia edir ki, tanker ABŞ ordusunun dəstəyi ilə boğazdan İranın müəyyən etmədiyi “icazəsiz marşrutla” keçməyə çalışıb. Açıqlamada belə hadisələrin səbəbi kimi gəmilərin İranın keçid qaydalarına əməl etməməsi və ABŞ ordusunun yaydığı məlumatlara etibar etməsi göstərilib. Tankerin adı, bayrağı və ekipajın taleyi açıqlanmayıb; ABŞ və Oman tərəfi hələlik açıqlamaya münasibət bildirməyib.
Həmin axşam ABŞ prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransında İranın razılaşma istədiyini, amma Vaşinqtonun şərtlərini qəbul etmədiyini deyib. İranın “Tasnim” agentliyi isə bir neçə saat əvvəl Qəşm adası yaxınlığına raket düşdüyünü, onun ABŞ və İsrail qüvvələri tərəfindən atıldığını iddia edib.
Hörmüz boğazında son həftələrdə SEPAH onlarla tankerin minaya düşdüyünü açıqlayıb. Boğaz dünya neft ticarətinin əsas yollarından biridir və buradakı böhran neftin qiymətinə, o cümlədən Azərbaycanın neft gəlirlərinə birbaşa təsir edir.

