Zelenski Krım körpüsünə zərbələr barədə: Putin anlamalıdır ki, bu körpü onsuz da dayanmayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiya ilə birləşdirən körpünün Ukrayna hücumları üçün qanuni hədəf olduğunu deyib. O, ABŞ-nin “NBC News” telekanalına müsahibəsində körpüyə son zərbələri Rusiyanın Ukrayna dəmir yollarına və körpülərinə hücumlarına cavab adlandırıb.
“Onun [Putinin] körpülərimizə zərbələrinə cavab verəcəyik və o, anlamalıdır ki, bu körpü hər halda dayanmayacaq”, - Zelenski deyib. Onun sözlərinə görə, Rusiya “müharibənin nə olduğunu hiss etməlidir”, Kiyev isə Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq.
Son bir həftədə Ukrayna Krım körpüsünə üç dəfə zərbə endirib. Nəticədə körpünün avtomobil hissəsinin aşırımlarından biri tamamilə çöküb. Rusiya hökuməti də bunu təsdiqləyib və körpünün nə vaxt bərpa olunacağının hələlik bilinmədiyini bildirib. Noyabrdakı zərbələr Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bəri körpüyə qarşı dördüncü hücum seriyasıdır.
Zelenski “CNN” telekanalına ayrıca müsahibəsində ABŞ Prezidenti Donald Trampın Putinlə dostluğu barədə sözlərinə də münasibət bildirib: “Putini necə adlandırmaq Prezident Trampın işidir. Əlbəttə, bizim üçün o, düşmən və qatildir”.
Kerç boğazı üzərindəki təxminən 19 kilometrlik körpü Rusiya üçün Krıma və Ukraynanın cənubundakı qoşunlarına yük daşımağın əsas quru yoludur.
