Rusiyanın Krivoy Roqa raket zərbəsində 7 yaşlı uşaq da daxil iki nəfərin öldüyü bildirilir
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətindəki Krivoy Roq şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində iki nəfər ölüb, 42 nəfər yaralanıb. Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkul “Telegram” kanalında yazıb ki, ölənlər 20 yaşlı qız və 7 yaşlı oğlandır, yaralılar arasında dörd uşaq var, 27 nəfərin vəziyyəti ağırdır.
Vilkulun məlumatına görə, hücum nəticəsində şəhərdə bir xəstəxanaya, 23 yaşayış binasına və bir neçə başqa obyektə ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi şənbə səhəri ordunun gecə dronlarla Krivoy Roq istilik elektrik stansiyasını vurduğunu açıqlayıb. Nazirlik stansiyanı “Ukraynanın hərbi sənaye müəssisələrinin işini təmin edən” obyekt adlandırıb. Rusiya ordusu həmçinin Ukraynanın Rovno vilayətində elektrik yarımstansiyasını vurduğunu bildirib.
Eyni gecə Ukrayna dronları Rusiya ərazisinə hücum edib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko vilayət üzərində 93 dronun vurulduğunu yazıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində ümumilikdə 275 Ukrayna dronu, o cümlədən Belqorod, Bryansk, Kursk, Pskov, Smolensk vilayətləri, Krım və Qara dəniz üzərində vurulub. Ukrayna tərəfi bu hücumların hədəfləri barədə açıqlama verməyib.
Zərbələr “Financial Times” qəzetinin Trampın Kiyevdən Rusiya ilə sülh sazişini yanvaradək bağlamasını istədiyini yazdığı bir vaxtda baş verir. Fransa prezidentinin müşavirinə istinadən “Le Figaro” qəzeti yazır ki, Ukrayna ilə bağlı növbəti danışıqlar Əbu-Dabidə keçirilə bilər, amma tarix hələ müəyyən edilməyib.
