Bakı ilk dəfə 20 yaşadək basketbolçuların Avropa çempionatına ev sahibliyi edəcək
Azərbaycan ilk dəfə basketbol üzrə 20 yaşadək oğlanlar arasında Avropa çempionatına ev sahibliyi edəcək. Azərbaycan Basketbol Federasiyasının məlumatına görə, qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində FIBA Avropa İdarə Heyətinin iclasında qəbul edilib.
İclasda 2027-ci ildə keçiriləcək gənclər Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib. Bakıya 20 yaşadək oğlanlar arasında turnirin B divizionu verilib. Bu, Avropa çempionatının ikinci pilləsidir və burada komandalar güclülər sırasına, yəni A divizionuna yüksəlmək uğrunda mübarizə aparır.
Federasiya bu qərarı Azərbaycan basketbolunun inkişafı və ölkədə beynəlxalq yarışların təşkili üçün “mühüm hadisə” adlandırıb. Turnir 2027-ci il iyulun 9-dan 18-dək keçiriləcək.
