Almaniya və Avropa İttifaqı Antalyadakı iqlim sammitinin yekun sənəd layihəsini qəbul etmir
Almaniya Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransının yekun sənəd layihəsini rədd edib. Almaniyanın ətraf mühit naziri Karsten Şnayder noyabrın 22-də Antalyadan ayrılmazdan əvvəl bildirib ki, qalıq yanacaqdan imtinaya birbaşa öhdəlik olmadığı üçün mətn Almaniya üçün “qəbuledilməzdir”.
Şnayder son anda kompromis əldə olunacağına şübhə ilə yanaşıb: “Qalan qısa müddətdə buna nail olunacağına şübhə edirəm, xüsusən də həmkarların çoxu artıq gedib”, - deyib. Nazir danışıqlardakı durğunluğa görə məsuliyyəti “pulunu neft və qazdan qazanan” dövlətlərin üzərinə qoyub.
Konfransda Aİ üzv dövlətlər adından danışıqlar aparan Avropa İttifaqı da layihəni tənqid edib. Hazırda Aİ Şurasına sədrlik edən İrlandiyanın ətraf mühit naziri Darrax O’Brayen Aİ-nin layihədən “çox məyus” olduğunu deyib. Onun sözlərinə görə, Aİ mövqeyini plenar iclasda müdafiə edəcək.
Aİ və bir sıra digər ölkələrin tələbinə baxmayaraq, layihədə kömür, neft və qazdan imtinaya birbaşa öhdəlik yer almayıb. “Deutsche Welle” yazır ki, danışıqlarda Səudiyyə Ərəbistanı kimi neft hasil edən ölkələrin mövqeyi üstün gəlib.
Neft və qaz gəlirlərindən asılı olan Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi edib.