İranın Xoy şəhərində baş verən zəlzələ Naxçıvanda da hiss olunub

İllüstrativ foto: Fabienkhan, CC BY-SA 2.5, Wikimedia Commons
22-11-2026 09:05

İranın Qərbi Azərbaycan əyalətindəki Xoy şəhərində 22 noyabr gecəsi 4,5 maqnitudalı zəlzələ baş verib. Təkanlar Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında da hiss olunub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Bakı vaxtı ilə saat 01:25-də qeydə alınıb, ocağı 10 kilometr dərinlikdə yerləşib. Naxçıvanın sərhəd rayonlarında təkanların gücü 3 bala çatıb.

Zəlzələ nəticəsində Naxçıvanda dağıntı və ya xəsarət alan olub-olmaması barədə məlumat verilməyib.

Türkiyə və Naxçıvan sərhədinə yaxın yerləşən Xoy seysmik baxımdan aktiv bölgədir. 2023-cü ilin yanvarında şəhərdə baş verən 5,9 maqnitudalı zəlzələdə ölənlər olmuş, yüzlərlə insan yaralanmışdı.

Digər xəbərlər