Antalyadakı BMT iqlim sammiti qalıq yanacaq mübahisəsi üzündən dalana dirənib
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim sammitində danışıqlar gecə boyu davam etsə də, ölkələr yeni qlobal iqlim razılaşması üzərində uzlaşa bilməyib. Yeni və ola bilsin ki, yekun sənəd layihəsinin şənbə günü dərc olunacağı gözlənilir.
BBC-nin məlumatına görə, əsas mübahisə sənəd layihəsində dünyada qalıq yanacağa tələbatın azaldılmasından heç bəhs edilməməsi üzərindədir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi neft və qaz istehsalçısı ölkələr bu ifadənin mətndən çıxarılmasına nail olub. Cümə günü Fransa və Panamanın başçılıq etdiyi qrup - ada dövlətləri, İspaniya, Belçika, İsveç və Finlandiya - neft, qaz və kömürdən uzaqlaşma öhdəliyinin yekun sənədə qaytarılmasını tələb edib.
“Qalıq yanacaqdan heç bəhs etməyən COP və ya yekun qərar qəbuledilməzdir və biz buna sadəcə dözməyəcəyik”, - Panamanın ətraf mühit naziri Xuan Karlos Navarro deyib. Fransanın ekoloji keçid naziri Monik Barbü isə mətndə karbonun tutulub yerin altında saxlanması texnologiyasına edilən istinadları başqa ölkələrə neft və qaz yandırmağa davam etmək üçün icazə kimi qiymətləndirib.
Danışıqlara rəhbərlik edən Avstraliyanın iqlim dəyişikliyi və enerji naziri Kris Bouen isə bu sammitin artıq verilmiş vədlərin icrasına və təmiz enerjiyə keçidə həsr olunmalı olduğunu deyib. BBC yazır ki, müzakirə olunan təkliflərdən biri qalıq yanacaq məsələsini mətndən kənarda saxlamaq, əvəzində Səudiyyə Ərəbistanı və digər neft dövlətlərindən 2035-ci ilədək enerji istehlakının 35 faizini elektrik enerjisinin payına çatdırmaq öhdəliyi almaqdır.
Sənəd layihəsi COP tarixində ilk dəfə qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırma hədəfinə çatılmadığını etiraf edir. Afrika ölkələri qrupu isə iqlimə uyğunlaşma üçün daha çox vəsait tələb edir: əvvəlki layihədəki bu məbləği 2035-ci ilədək 120 milyard dollara çatdırmaq bəndi mətndən çıxarılıb. “Biz bura dilənməyə yox, xalqımızın haqqı olanı tələb etməyə gəlmişik”, - qrupa sədrlik edən Qananın ətraf mühit naziri Zanetor Aqyeman-Roulinqs deyib.
Neft və qaz ixracatçısı olan Azərbaycan 2024-cü ildə COP29 sammitinə ev sahibliyi edib. Prezident İlham Əliyev həmin sammitin açılışında neft və qazı “Allahın bəxşişi” adlandırmışdı.
