Müsavat Partiyasının başqanı İsa Qəmbər Berlinə uçmaq istəyərkən hava limanından geri qaytarıldığını deyir

Foto: Voice of America, Public domain, Wikimedia Commons
21-11-2026 13:33

Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycandan çıxmasına icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, Almaniyanın paytaxtı Berlində 21 noyabrda keçirilən beynəlxalq konfransa dəvət alıb, lakin gecə saat 04:00-a olan reysinə hava limanında mane olublar.

İsa Qəmbər sosial şəbəkədəki paylaşımında yazıb: “Bu gün, 21 noyabrda Berlində, önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”. Siyasətçi konfransın təşkilatçılarına və iştirakçılarına uğur arzulayıb.

Ona hansı hüquqi əsasla ölkədən çıxış qadağası tətbiq edildiyi məlum deyil. Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.

İsa Qəmbər son aylarda ölkədən buraxılmadığını deyən ilk müxalifət siyasətçisi deyil. Müsavatın Məclis sədri Arif Hacılı 2026-cı il iyunun 23-də Avstriyaya getmək istəyərkən hava limanından geri qaytarıldığını açıqlamışdı.

Milli Şuranın sədri Cəmil Həsənli isə 2025-ci il noyabrın 30-dan ölkədən çıxışına qadağa qoyulduğunu bildirir. Onun sözlərinə görə, məhdudiyyət Ramiz Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilməsindən sonra tətbiq olunub və hələ də qüvvədədir; Həsənli bu səbəbdən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək elmi konfransa gedə bilməyəcəyini deyib.

Digər xəbərlər