Kiprin şimalında 27 nəfərin öldüyü gəmi qəzası işində üç azərbaycanlı da daxil 9 nəfər qəsdən adam öldürmədə ittiham olunur

Girne limanı, illüstrativ foto. Foto: Michal Klajban, CC BY-SA 4.0, Wikimedia Commons
20-11-2026 22:28

Türkiyədən başqa heç bir ölkənin tanımadığı “Şimali Kipr Türk Cümhuriyyəti”ndə avqustun 30-da batan “FiloJet” sərnişin gəmisinin işi üzrə ittiham ağırlaşdırılıb. Əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə aparılan istintaq indi 9 təqsirləndirilən şəxsə qarşı qəsdən adam öldürmə ittihamı ilə davam edir. Qəzada 27 nəfər həlak olub, bir nəfərin meyiti hələ də tapılmayıb.

Təqsirləndirilənlər noyabrın 20-də Girne Məhkəməsində 13-cü dəfə hakim qarşısına çıxarılıb. Onların arasında gəmi şirkətinin direktoru Ali Özdülger, kapitanlar, mexaniklər, ekipaj üzvləri və Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov var.

İstintaqa görə, ittihamın ağırlaşdırılmasına yeni ekspertiza rəyləri və toplanan sübutlar əsas olub. Ekspertiza gəminin təmirində uyğun olmayan materiallardan istifadə edildiyini və işlərin lazımi şəraitdə görülmədiyini müəyyən edib. Qəza anında gəminin su keçirməyən qapılarının açıq olduğu, təmirlə bağlı elektron poçt yazışmalarının əldə edilməsində isə çətinlik yarandığı bildirilib.

Valeh Hümmətov məhkəmədəki ifadəsində hadisə zamanı gəmidəki bütün qapıların açıq olduğunu deyib. Rəşad İbrahimovun gəmidəki vəzifələri və qəza anındakı hərəkətləri ayrıca araşdırılır.

Azərbaycan vətəndaşlarının həbs müddəti noyabrın əvvəlində bir həftə uzadılmışdı. Azərbaycan rəsmiləri ittihamın ağırlaşdırılmasına hələlik münasibət bildirməyib.

Digər xəbərlər