İran Keşikçilər Korpusu Hörmüzdə bir sutkada dördüncü ABŞ dronunu vurduğunu deyir

Foto: DiverAndy1, CC0, Wikimedia Commons
22-11-2026 13:06

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə dronunu vurduğunu açıqlayıb. Korpusun bəyanatına görə, bu, son 24 saatda onun hava hücumundan müdafiə qüvvələrinin vurduğu dördüncü ABŞ dronudur və ümumilikdə 20-ci MQ-1 dronudur.

SEPAH-ın Aerokosmik Qüvvələri dronun korpusun “yeni və müasir” hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib.

Eyni gün ABŞ maliyyə naziri Skott Bessent “CNBC” telekanalına müsahibəsində İrandan gələn təhdidlərə görə hərbi bazada yaşadığını təsdiqləyib. “İranlıların məni qorxutmasına icazə verməyəcəyəm”, - deyən nazir İrana qarşı sanksiyaların nəticə verdiyini və Keşikçilər Korpusuna təzyiqin razılaşma əldə olunana qədər davam edəcəyini bildirib. Bessent “The Wall Street Journal” qəzetini Vaşinqtondakı evinin yerini müəyyən etməyə imkan verən foto dərc etdiyinə görə tənqid edib.

ABŞ mediası yazır ki, Tramp administrasiyasının digər yüksək vəzifəli şəxsləri də yaşayış yerini dəyişib və ya əlavə mühafizə alıb. ABŞ kəşfiyyatı İranın amerikalı rəsmiləri hədəf almaq cəhdləri barədə xəbərdarlıq edir, Tehran isə ABŞ ərazisində hücum planladığı iddialarını təkzib edir.

Bu arada İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib ki, ABŞ ilə vasitəçi ölkələr üzərindən dolayı danışıqlar davam edir və “diplomatiya pəncərəsi hələ də açıqdır”. Onun sözlərinə görə, Tehran bütün ssenarilərə hazırdır, amma razılaşma uğrunda güzəştə getmək niyyətində deyil.

Digər xəbərlər