“Financial Times”: Tramp Kiyevin Rusiya ilə sülh sazişini yanvaradək bağlamasını istəyir
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa və Ukrayna həmkarlarına Kiyevin Rusiya ilə sülh sazişini yanvarın əvvəlinədək bağlamasını istədiyini bildirib. Bu barədə müzakirələrdən xəbərdar dörd mənbəyə istinadən “Financial Times” qəzeti yazır.
“Financial Times” xəbər verir ki, Ağ Ev razılaşmanı Demokratik Partiya ABŞ Konqresinə nəzarəti ələ almazdan əvvəl əldə etmək istəyir. Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirak etdiyi görüşdən sonra qəzetə danışan Avropa rəsmisi amerikalıların ciddi təzyiq göstərdiyini və razılaşmaya yaxınlaşmaq üçün Ukraynadan çox böyük güzəştlər tələb oluna biləcəyindən narahatlıq olduğunu deyib.
Adı açıqlanmayan iki amerikalı rəsminin sözlərinə görə, Tramp müharibəni bitirmək yollarını dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitində Avropa liderləri ilə müzakirə edə bilər. Adı açıqlanmayan fransız rəsmi isə qəzetə deyib ki, Ukrayna sammitə dəvət olunmadığı üçün orada Ukrayna ilə bağlı danışıqlar aparılmayacaq.
Daha əvvəl “Bloomberg” agentliyi mənbələrə istinadən yazmışdı ki, Tramp Berlində “istəklilər koalisiyası”nın görüşünün iştirakçılarına noyabrın 18-19-da Çində keçirilən APEC sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə söhbətindən danışıb. Agentliyin məlumatına görə, Tramp söhbətin yaxşı keçdiyini deyib və Putinin Ukraynadakı müharibəni bitirmək istədiyini çatdırıb.
Bununla belə, Putin bir gün əvvəl Krım körpüsünə hücumlardan sonra Ukrayna ilə qismən atəşkəsdən imtina etdiyini bildirmişdi. Tramp, Putin və Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirdikləri ilk üçtərəfli görüşdən sonra qəbul olunan bəyannamədə isə Ukrayna ilə bağlı bənd yer almayıb.