Rusiya dronu Kiyev vilayətində beşmərtəbəli yaşayış binasını dağıdıb, səkkiz nəfərin dağıntı altında ola biləcəyi bildirilir
Rusiya dronu gecə saatlarında Kiyev vilayətinin Vışqorod rayonunda beşmərtəbəli yaşayış binasını vurub. Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko binada birinci mərtəbədən beşinci mərtəbəyədək mənzillərin dağıldığını bildirib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin son məlumatına görə, iki nəfər xəsarət alıb, daha səkkiz nəfər dağıntılar altında ola bilər. Xilasedicilər uçan konstruksiyaları sökərək insanları axtarır. Tkaçenkonun sözlərinə görə, hadisə yerində xilasedicilərlə yanaşı psixoloqlar və təcili tibbi yardım briqadası işləyir.
Vışqorod Kiyevin şimalında, paytaxta bitişik yerləşir. Qış yaxınlaşdıqca Rusiyanın Ukrayna şəhərlərinə dron və raket zərbələri davam edir; zərbələr nəticəsində pəncərələri sınan binaların sakinləri soyuqda qalır.
Rusiya Müdafiə Nazirliyi isə həmin gecə Ukraynanın arxa bölgələrində neft emalı zavodlarına, yarımstansiyalara və məlumat mərkəzinə zərbə endirdiyini açıqlayıb.