İran ABŞ-nin F-16 qırıcısını zədələdiyini iddia edir, ABŞ ordusu bunu təkzib edir

Foto: U.S. Air Force photo by Staff Sgt. Caleb Roland, Public domain, Wikimedia Commons
21-11-2026 19:46

İran ordusunun açıqlamasına görə, noyabrın 20-də axşam ölkənin cənubundakı hava hücumundan müdafiə sistemləri Fars körfəzi üzərində ABŞ-yə məxsus F-16 qırıcısını aşkarlayıb və ona raket atıb. İran ordusu iddia edir ki, raket təyyarənin yaxınlığında partlayıb, qırıcı zədələnib və pilot bölgədəki hava limanlarından birinə təcili eniş etməli olub.

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqə cavabdeh Mərkəzi Komandanlığı (CENTCOM) bu iddianı təkzib edib. Komandanlığın açıqlamasında deyilir ki, İran Amerika F-16-sını vurmayıb və Yaxın Şərqdəki bütün ABŞ qırıcıları salamatdır.

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) isə şənbə günü Hörmüz boğazında iki hadisə barədə məlumat verib. Mərkəzə görə, tankerlərdən biri Omanın Xasab limanından təxminən 20 kilometr şimalda arxa hissəsindən, digəri Xasabdan 31 kilometr şərqdə mühərrik bölməsindən naməlum mərmilərlə vurulub. Xəsarət alan olmayıb; iki hadisənin ayrı-ayrı gəmilərlə bağlı olub-olmadığı bəlli deyil.

İran Hərbi Dəniz Qüvvələri eyni gün boğazın şərqindəki qadağan zonada bir neft tankerinin dəniz minasına toxunaraq alışdığını açıqlayıb. İran tərəfi gəmini xəbərdarlıqlara məhəl qoymamaqda, identifikasiya və naviqasiya avadanlığını söndürərək hərəkət etməkdə ittiham edir. Bu iddia müstəqil mənbələrdən təsdiqlənməyib.

“Əl-Cəzirə”nin Tehran müxbiri Resul Serdar İran silahlı qüvvələrinin açıqlamalarına istinadən yazır ki, ötən şənbədən bəri boğazda tankerlərlə bağlı təxminən 25 hadisə qeydə alınıb, yəni gündə orta hesabla üç hadisə. Müxbirin sözlərinə görə, Tehran boğazdan keçən hər gəminin İranla razılaşdırılmış marşrutla getməli olduğunu deyir.

Gərginlik ABŞ və İsrailin fevralın sonunda İrana hücumu ilə başlayan müharibənin fonunda artır. Müharibədən əvvəl dünyada xam neft təchizatının təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Neft bazarındakı bu sarsıntı Azərbaycan büdcəsinin əsas gəlir mənbəyi olan neftin qiymətinə birbaşa təsir edir: “Brent” nefti bu həftə 92 dolları keçib.

Digər xəbərlər