Zelenski Fin körfəzində Rusiya Müdafiə Nazirliyi ilə bağlı yük gəmisini Ukraynanın vurduğunu etiraf edib
Foto: The Presidential Office of Ukraine, CC BY-SA 4.0, Wikimedia CommonsUkrayna prezidenti Volodimir Zelenski şənbə günü Fin körfəzində Kalininqrada gedən “Sparta II” yük gəmisinə dron hücumunu Ukraynanın həyata keçirdiyini təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli olduğu deyilən gəmiyə zərbəni Kiyev bu vaxtadək öz üzərinə götürməmişdi.
Zelenski “Bloomberg” agentliyinə müsahibəsində gəminin silah daşıdığını iddia edib: “Biz hər şeyi düzgün etdik. Rusiya bayrağı altında olan, silah və ya sanksiyalı yük daşıyan istənilən gəmi həm Rusiyanın ərazi sularında, həm də neytral sularda bizim üçün qanuni hədəfdir”. “Bloomberg” bu iddianı müstəqil təsdiqləyə bilmədiyini yazıb, Rusiya hərbçiləri isə yükün nə olduğunu açıqlamayıb.
Zelenski zərbənin Rusiyanın ərazi sularında endirildiyini deyib. Finlandiya Müdafiə Qüvvələri isə gəminin Rusiyaya məxsus Qoqland adasının qərbində, beynəlxalq sularda zədələndiyini bildirmişdi. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko da hücumun Rusiya sərhədindən üç dəniz mili aralıda, neytral sularda iki dronla edildiyini yazmışdı.
Gəminin 16 nəfərlik heyəti qayıqlarla gəmini tərk edib və Rusiya xilasedici gəmisi tərəfindən götürülüb. Yanan gəmi Finlandiya sahillərinə doğru sürüklənib, yanğını Finlandiya, Estoniya və Rusiya xilasediciləri birlikdə söndürüb.
Etiraf Ukraynanın son günlər Rusiya gəmilərinə qarşı dənizdə hücumları genişləndirdiyi vaxta düşür: Kiyev bir gün əvvəl Rusiyanın “Merkuri” korvetini də dronlarla vurduğunu bildirmişdi. Rusiyanın Baltik dənizindəki yeganə eksklavı Kalininqradla dəniz əlaqəsi Moskva üçün strateji əhəmiyyət daşıyır.


