Müxalifətçi hüquqşünas Namizəd Səfərova 7 il həbs cəzası verilib

Foto: VOA, Public domain, Wikimedia Commons
26-11-2026 14:17

Bakı Ağır Cinayətlər Məhkəməsi hüquqşünas Namizəd Səfərovu 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm noyabrın 26-da hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə oxunub.

Bir həftə əvvəl, noyabrın 19-da dövlət ittihamçısı Səfərova 8 il həbs cəzası verilməsini istəmişdi. Hüquqşünas Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı ilə mühakimə olunub; bu maddə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

İstintaq iddia edir ki, Səfərov Günel Əfəndiyevaya vəzifəli şəxslər arasındakı tanışları vasitəsilə onu vəzifəyə təyin etdirəcəyini vəd edib, bunun üçün ondan 53 min manat alıb, amma vədini yerinə yetirməyib. İttihamda həmçinin deyilir ki, Səfərov Vəkillər Kollegiyasından xaric edilməsinə baxmayaraq Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini bildirib.

Namizəd Səfərov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Məhkəmə prosesi zamanı onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti də təmin edilməyib.

Səfərov 2025-ci il dekabrın 9-da həbs olunub. O, əvvəllər Milli Şuranın üzvü olub, 2020-ci ildə qurumdan istefa verib. Son illərdə xaricdə yaşayan siyasi mühacirlərin yaratdığı Azərbaycan Xalq Parlamentində təmsil olunub, müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb.

Digər xəbərlər