Aİ Rusiyaya qarşı yeni sanksiyalarda Türkiyə şirkətlərini və Qırğızıstanın kripto platformalarını da hədəfə alır

Foto: Trougnouf (Benoit Brummer), CC BY 4.0, Wikimedia Commons
26-11-2026 11:20

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə 22-ci sanksiya paketini irəli sürüb. Təkliflər Rusiyanın enerji sektorunu, bank sistemini və hərbi-sənaye kompleksini hədəfə alır, siyahıya 82 fiziki və hüquqi şəxs əlavə olunur.

Azadlıq Radiosu sənədlərlə tanış olduğunu yazır. Ona görə, Türkiyənin iki iri yanacaq distribütoru “Opet Petrolçuluk” və “Akpet Akaryakıt”a sanksiya tətbiqi nəzərdə tutulur. Aİ şirkətlərinə Hindistan, Serbiya, Tailand, Türkiyə və BƏƏ-də Rusiyanın hərbi maşınına dəstək verdiyi bildirilən müəssisələrlə iş qurmaq qadağan ediləcək.

Ən sərt addım Qırğızıstana qarşıdır: Aİ vətəndaşlarına və şirkətlərinə bu ölkədəki kriptovalyuta platformaları ilə əməliyyat aparmaq tamamilə qadağan edilə bilər. Sənəddə deyilir ki, Qırğızıstan sanksiyalardan yayınmaq üçün kriptovalyuta mərkəzinə çevrilib və Bişkek Avropa Komissiyasının müraciətlərinə baxmayaraq bunun qarşısını almayıb. Serbiya, Türkmənistan və Özbəkistanda Moskvaya kripto xidməti göstərən qurumlar da hədəfdədir.

Paket idmanı da əhatə edir: Aİ-də keçirilən yarışlarda Rusiyanın dövlət rəmzlərinin nümayişi, Rusiya vətəndaşlarının idman federasiyalarının rəhbərliyində təmsil olunması və klubların Rusiya dövlətindən pul alması qadağan edilə bilər. Siyahıda Putindən dövlət təltifi almış Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov və Rusiya ordusunun Mərkəzi İdman Klubunun rəhbəri Artyom Qromov var.

Brüsselin Rusiyanın “kölgə donanması” saydığı daha 70 gəmi siyahıya salınacaq və belə gəmilərin sayı 700-ü ötəcək. Rusiya neftindən hazırlanan məhsulların idxalına qadağanın mazut və vakuum qazoyluna da şamil olunması, Ukraynada Rusiya tərəfində döyüşmüş hərbçilərin Aİ-yə girişinin yasaqlanması da təklif olunur.

Digər xəbərlər