Sentyabr əfvi ilə azad edilənlərdən ən azı üçünün məişət zorakılığına görə məhkum olunduğu deyilir

Foto: Joe Gratz, CC0, Wikimedia Commons
25-11-2026 19:25

Prezident İlham Əliyevin 23 sentyabrda imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan 20 nəfərdən ən azı üçünün ailədaxili zorakılıqla bağlı cinayətlərə görə məhkum edildiyi bildirilir.

“Abzas Media” əfv siyahısındakı şəxslərin məhkəmə sənədlərini və açıq mənbələrdəki məlumatları araşdırıb. Nəşrin əldə etdiyi iki hökmə görə, hər iki kişi həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayaraq həyat üçün təhlükəli ağır xəsarət yetirib və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 və 3 il azadlıqdan məhrum edilib. Üçüncü şəxsin anasını öldürdüyü barədə məlumatlar açıq mənbələrdə yer alsa da, bu iş üzrə hökm əldə edilməyib. Zərərçəkmişlərin təhlükəsizliyi üçün adlar açıqlanmır.

Hökmlərdən birində kişinin həyat yoldaşını ailə üzvlərinin gözü qarşısında bıçaqladığı, əvvəl də onu döydüyü, lakin həmin işə barışıq əsasında xitam verildiyi göstərilir. Qadının anası məhkəmədə deyib ki, kişi həbsdə olanda da boşanmaq istədiyi üçün qızını telefonla hədələyib. İkinci işdə kişinin uzun müddət həyat yoldaşının işləməsinə mane olduğu, sonra isə onu hər gün iş yerinin qarşısında gözləyib evə qədər müşayiət etdiyi qeyd olunur.

Hüquqşünas Röya Məlikzadənin təhlilinə görə, məhkəmələr zorakılığın təkrarlanan xarakterini nəzərə almayıb, əksinə, birinci işdə qadının “emosional” və “təhrikedici” davranışını cəzanı yüngülləşdirən hal sayıb. Hökmdə ər-arvadın bir-birinin davranışı ilə maraqlanmasının “üstünlük hüququ” olduğu, bunun şəxsi həyata müdaxilə sayılmadığı yazılıb.

Sərəncamda əfv zamanı məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti və cinayətin ictimai təhlükəliliyinin nəzərə alındığı bildirilir, amma zərərçəkmişlərin təhlükəsizliyinin və təkrar zorakılıq riskinin necə qiymətləndirildiyi açıqlanmayıb. Hər iki işdə qadınların həyat yoldaşları ilə barışdığı qeyd olunur, nikahın pozulması barədə isə məlumat yoxdur.

Azərbaycanda məişət zorakılığı Cinayət Məcəlləsində ayrıca cinayət kimi nəzərdə tutulmur. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi 2022-ci ildə bundan narahatlığını bildirib və Azərbaycana bu boşluğu aradan qaldırmağı tövsiyə edib.

Digər xəbərlər