Həbsdəki AXCP sədri Əli Kərimli beş ay sonra ilk dəfə ailəsi ilə görüşə bilib
Foto: VOA, Public domain, Wikimedia CommonsHəbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli noyabrın 25-də ailəsi ilə görüşüb. Bu, beş ay ərzində onun ailə üzvləri ilə ilk görüşüdür.
AXCP-nin açıqlamasına görə, iyundan etibarən Kərimlinin saxlanma şəraiti ağırlaşdırılıb, ailəsi ilə görüşməsinə və telefonla danışmasına qadağa qoyulub. Partiya noyabrın 23-də ona yenidən ailəsinə zəng etməyə icazə verildiyini bildirmişdi.
Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi iyunda siyasətçiyə istintaq təcridxanasında təzyiq göstərildiyini, ona idmanla məşğul olmağa imkan verilmədiyini və gəzinti vaxtının yarıya endirildiyini açıqlamışdı. Avqustda isə ev dustaqlığı ilə bağlı məhkəməyə aparılarkən xüsusi nəqliyyat vasitəsində susuz qalan Kərimlinin huşunu itirdiyi iddia olunmuşdu. May ayında vəfat edən atası Əmirhüseyn Kərimovun dəfninə də buraxılmamışdı.
Kərimlinin məhkəmə prosesi davam edir. Partiyanın məlumatına görə, iclaslar qapalı keçirilir. Ona Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham verilib; bu maddə 12 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Əli Kərimli və AXCP rəhbərliyindən Məmməd İbrahim 2025-ci ilin noyabr ayının sonunda saxlanılıblar. Dövlət Təhlükəsizliyi Xidməti fevralda onların adını Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə birlikdə çəkərək, bəzilərinin xarici xüsusi xidmətlərin dəstəyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışdığını iddia edib. Kərimli ittihamı rədd edir, həbsini siyasi sifariş adlandırır və istintaqa ifadə vermədiyini bildirir.
Eyni işdə adı çəkilən Ramiz Mehdiyevin məhkəməsi isə artıq başa çatıb: yaşı və səhhəti nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Mehdiyevin hökmdən apellyasiya şikayəti verdiyi bildirilir.
