Xalq artisti Elmira Şabanova vəfat edib
Foto: “Azərbaycanfilm” kinostudiyasının binası. Lətif Lətifsoy, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycanın Xalq artisti, kino aktrisası Elmira Şabanova dünyasını dəyişib. Bu barədə aktrisanın qızı, kinoşünas Leyla Şabanova məlumat verib.
“Nəslimizin dayağı, gözəl anamız, nənəmiz, ulu nənəmiz bu gün haqq dünyasına qovuşdu”, - Leyla Şabanova yazıb. Onun sözlərinə görə, vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək, aktrisa Yasamal qəbiristanlığında həyat yoldaşının qəbri yanında dəfn olunacaq.
Elmira Şabanova 1940-cı ildə Bakıda doğulub. O, “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə çəkilib. İlk iki filmdən sonra həyat yoldaşının qadağası səbəbindən bir müddət kinoya çəkilməyib, 1980-ci illərdə isə kino, radio və televiziyada bir-birinin ardınca obrazlar yaradıb.
Aktrisanın ən çox yadda qalan rollarından biri Anarın ssenarisi əsasında və onun rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmindəki Həmidə xanım obrazıdır.

