Paşinyan: Ermənistan elektrik şəbəkəsini Azərbaycan və Türkiyə ilə birləşdirəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin elektrik şəbəkəsinin Azərbaycan və Türkiyənin şəbəkələri ilə birləşdiriləcəyini deyib. “Elektrik şəbəkələrimizi Türkiyə və Azərbaycanın şəbəkələri ilə birləşdirəcəyik. İran və Gürcüstanla artıq bağlantımız var və enerji ötürülməsinin səmərəliliyini artırmaq üçün sərmayə qoyuruq”, - Paşinyan bildirib.
Baş nazir bu sözləri Yerevanda keçirilən “DigiTec 2026” texnologiya sərgisində ABŞ-nin “Nvidia” şirkətinin vitse-prezidenti Rev Lebaredyanla müzakirədə deyib. O, noyabrın 22-də rəsmən başlanması nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin əsas istiqamətlərindən birinin enerji və elektrik tranziti olduğunu vurğulayıb.
Paşinyanın sözlərinə görə, səkkiz ay əvvəl Ermənistanın elektrik istehsalında artıq gücü olub, indi isə məlumat mərkəzlərinin genişlənməsi ölkəni yeni idxal mənbələri axtarmağa vadar edir. Təkcə “Firebird” şirkəti 2027-ci ilin sonunadək 300 meqavatlıq infrastruktur qurmağı planlaşdırır. Baş nazir günəş enerjisinin, enerji saxlama sistemlərinin inkişafından və yeni atom elektrik stansiyasının tikintisi planından da danışıb.
Lebaredyan Ermənistanın süni intellekt sahəsindəki indiki üstünlüyünün uzun sürməyəcəyini, buna görə ölkənin enerji mənbələrini şaxələndirməli olduğunu deyib. Onun fikrincə, Ermənistan qonşularından elektrik alıb onlara süni intellekt xidmətləri göstərməklə qarşılıqlı iqtisadi maraq yarada bilər: “Bir-birimiz üçün əhəmiyyətli olacağıq və bu, uzunmüddətli sülhün ehtimalını artıracaq”.
Ermənistanın “ARKA” agentliyinin məlumatına görə, Ermənistan və Türkiyə hazırda işləməyən Gümrü-Qars elektrik xəttinin bərpasını artıq müzakirə ediblər.

