Rusiya XİN rəsmisi: Əbu-Dabidə ABŞ və Ukraynaya Putinin təsdiqlədiyi sülh çərçivəsini təqdim etdik

Foto: Mohammad Hassanzadeh, CC BY 4.0, Wikimedia Commons
25-11-2026 20:36

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Əbu-Dabidəki danışıqlarda Moskva ABŞ və Ukrayna nümayəndələrinə münaqişənin gələcək həllini necə gördüyünü ətraflı təqdim edib. Onun sözlərinə görə, Rusiyanın mövqeyində “gözlənilməz heç nə yoxdur” və nümayəndə heyəti prezident Vladimir Putinin təsdiqlədiyi çərçivədən kənara çıxmayacaq.

“İnterfaks” agentliyinin sualını cavablandıran Ryabkov bildirib ki, Rusiyadan hər dəfə “yeni söz” gözləmək düzgün olmazdı: “Çoxlu təkliflə öz mövqeyimizi dəyərsizləşdirə bilmərik”. Rəsmi Moskvanın Avropa təhlükəsizliyi ilə bağlı yeni təklif hazırlayıb-hazırlamadığı sualına birbaşa cavab verməyib.

Ryabkov Britaniya, Fransa və Almaniyadan ibarət “Avropa üçlüyü”nə də xəbərdarlıq edib: onun sözlərinə görə, bu ölkələr danışıqlara qoşulmaq üçün ilkin şərt irəli sürsələr, “öz şanslarını sıfırlayacaqlar”. “Onlar Moskvaya dəvət olunub. Gəlmək istəyirlər, ya yox - qoy desinlər”, - deyə Ryabkov bildirib.

Kiyev isə mübadilə və yeni görüş üzərində dayanır. Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib ki, tərəflər təxminən min nəfəri qaytarmağı planlaşdırır, lakin mübadilə bir neçə mərhələdə keçiriləcək. Onun sözlərinə görə, ilk hərbi əsirlər noyabrın sonu - dekabrın əvvəlində qayıda bilər, şərtlər Rusiya tərəfi ilə razılaşdırılır. Budanov Zaporojye və Xerson vilayətlərindən olan mülki şəxslərin də ilin sonuna qədər qaytarılmasına ümid etdiyini bildirib.

Budanov Ukrayna, Rusiya, ABŞ və Avropa ölkələrinin danışıqçı qruplarının Milad bayramına qədər görüşə biləcəyinə ümid etdiyini deyib, amma Rusiyanın Avropanı birbaşa danışıqlara buraxıb-buraxmayacağının hələ bəlli olmadığını əlavə edib.

Digər xəbərlər