Sanksiyalı “Lukoil” Azərbaycandakı payları da daxil xarici aktivlərini ABŞ konsorsiumuna satır

Foto: Artyom Svetlov, CC BY 4.0, Wikimedia Commons
25-11-2026 17:55

Rusiyanın “Lukoil” neft şirkəti 11 ölkədəki beynəlxalq aktivlərini amerikalı milyarder Todd Boelinin başçılıq etdiyi konsorsiuma satmaq barədə razılaşma imzalayıb. Satılan portfelə Azərbaycan və Qazaxıstandakı iri yataqlardakı payları, Niderland, Bolqarıstan və Rumıniyadakı neft emalı zavodları, eləcə də ABŞ daxil bir neçə ölkədəki yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir.

“Reuters” agentliyi yazır ki, aktivlər müqabilində konsorsium “Lukoil”a şirkətin özünün 10 milyard dollarlıq qiymətli kağızlarını verəcək. Agentliyin danışdığı iki mənbəyə görə, gündəlik təxminən 350 min barel neft hasil edən xarici portfelin dəyəri 16 milyard dollara yaxındır.

Konsorsiumda Boelinin şirkətlərindən başqa “Xtellus Partners” investisiya bankı, BƏƏ-də yerləşən “Catena Investment Holding” və ABŞ hökumətinin birbaşa nəzarətindəki Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) var. DFC-nin nümayəndəsi agentliyə deyib ki, strateji enerji infrastrukturunun ABŞ-nin və müttəfiqlərinin əlinə keçməsi indiki administrasiyanın əsas prioritetlərindəndir.

Sövdələşmə hələ qüvvəyə minməyib. “Reuters”in mənbəyinə görə, ABŞ Maliyyə Nazirliyi onu milli təhlükəsizliyə təhdid baxımından yoxlayacaq. Nazirlik “Lukoil”a 2025-ci ilin oktyabrında sanksiya tətbiq etmişdi; şirkət o vaxtdan xarici aktivlərini satmağa çalışırdı.

Azərbaycan üçün sövdələşmə ölkənin ən böyük qaz layihəsi ilə bağlıdır: “Lukoil” “Şahdəniz” yatağının pay sahiblərindən biridir. Satış baş tutsa, bu payın sahibi Rusiya şirkətindən ABŞ hökumətinin də iştirak etdiyi konsorsiuma keçəcək.

“Lukoil”u 1991-ci ildə Azərbaycan əsilli Vahid Ələkbərov təsis edib. Todd Boeli 2026-cı ilin sentyabrına qədər İngiltərənin “Çelsi” futbol klubunun şərik sahiblərindən olub.

Digər xəbərlər