Aynur Elgünəş Bakı təcridxanasının rəhbər işçilərinin məhbusları döydüyünü yazır

Arxiv foto, Aynur Elgünəş, 2023: Ülviyyə Əli, Public domain, Wikimedia Commons
25-11-2026 19:31

Həbsdə olan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş Bakı İstintaq Təcridxanasının (BİT) rəhbər işçilərinin məhbuslara qarşı zorakılıq etdiyini iddia edir. Jurnalist bu barədə təcridxanadan göndərdiyi yeni yazısında bəhs edib, yazını “Meydan TV” yayıb.

Elgünəşin sözlərinə görə, ədliyyə naziri Fərid Əhmədov peşə bayramı ərəfəsində BİT rəisinin müavini Cavid Güləliyevi diplomla təltif edib. Jurnalist yazır ki, Güləliyev bundan sonra, noyabrın 21-də, Tibbi-Sanitar Hissədə yenə də “şou” göstərib. Onun iddiasına görə, məhbuslar Güləliyevin onları söydüyünü və döydüyünü deyirlər.

Elgünəş təcridxana rəisinin digər müavini Ceyhun Hacıyevi də daha təhlükəli adlandırır. Onun yazdığına görə, Hacıyev məhbusları kriminal aləmdə alçaldıcı sayılan üsullarla hədələyir, həbsdəki jurnalist Nurlan Librenin şəxsi yazışmalarını və qələmini götürən də o olub.

Yazıda axtarış işinə baxan Dəyanət adlı əməkdaş da hədəfdədir. Elgünəşin iddiasına görə, bu əməkdaş müğənni Manaf Ağayevin həbsdəki Rəqsanə İsmayılovaya çatdırılması üçün verdiyi 500 manatı mənimsəyib, məhbusların əşyalarını götürmək istəyib, verməyənləri isə döyüb.

Jurnalist hüquqşünas olan ədliyyə naziri və Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevi zorakılığı mükafatlandırmaqda qınayır. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət bu iddialara hələlik münasibət bildirməyib.

Aynur Elgünəş “Meydan TV” işi üzrə təxminən iki ildir həbsdədir. O, təcridxanadan mütəmadi olaraq yazılar göndərir.

Digər xəbərlər