Trampın elçisi Kuşner: Ukrayna danışıqları Putinin iqamətgahına iddia edilən hücumdan sonra geri atılıb
Foto: US Mission to the European Union, Public domain, Wikimedia CommonsABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Cared Kuşner deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar 2025-ci ilin sonunda Vladimir Putinin Valdaydakı iqamətgahına iddia edilən Ukrayna hücumundan sonra uzanıb.
Kuşner bunu “Axel Springer” media konserninin baş direktoru Matias Döpfnerin “MD Meets” podkastına müsahibəsində deyib. Onun sözlərinə görə, ona 2025-ci ilin noyabrında danışıqlara qoşulmaq təklif olunub və ABŞ o vaxt müəyyən irəliləyiş əldə etməyə başlayıb. “Sonra dekabrın sonunda ukraynalıların Putinin iqamətgahına hücumu baş verdi və bu, məncə, prosesi geri atdı”, - Kuşner deyib.
Elçi əlavə edib ki, fevraldan sentyabradək tərəflərlə daim əlaqə saxlansa da, nə Rusiya, nə də Ukrayna çeviklik göstərib, çünki hər iki tərəf döyüş meydanında irəliləyiş əldə edə biləcəyini görmək istəyib.
Hücum iddiasını 2025-ci il dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov irəli sürmüşdü. Ukrayna Prezidenti Volodimir Zelenski bunu Rusiyanın “növbəti yalanı” adlandırmışdı. Putin bu barədə Trampa telefonla danışsa da, Tramp sonradan Kiyevin belə zərbə endirdiyinə inanmadığını demişdi.
Kuşnerin müsahibəsi ABŞ elçilərinin Moskvada Putinlə, Dublində isə Zelenski ilə yeni görüşlərindən sonra yayılıb.


