Qazaxıstan “yaşıl” elektrik enerjisini Xəzərin dibindən keçən kabellə Azərbaycan vasitəsilə Avropaya satmaq istəyir

Foto: МаратД, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 22:41

Qazaxıstan Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli vasitəsilə “yaşıl” elektrik enerjisini Azərbaycandan keçirərək Avropaya ixrac etməyi hədəfləyir. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirliyin “Telegram” kanalında yayılan müsahibəsində deyib.

“Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyadan, o cümlədən Qazaxıstandan Azərbaycan vasitəsilə Avropaya “yaşıl” elektrik enerjisi ixrac etmək üçün Xəzərin dibi ilə dərin su enerji kabeli çəkməyi planlaşdırır. Layihə üzərində iş artıq fəal gedir”, - səfir deyib.

Bayelin sözlərinə görə, Qazaxıstan prezidenti ölkədə elektrik enerjisi artıqlığı yaradılmasını tapşırıb: enerji həm süni intellekt və yerli sənaye üçün, həm də ilk növbədə Avropaya ixrac üçün kifayət etməlidir. Səfir Azərbaycan şirkətlərini də elektrik stansiyalarının tikintisi daxil olmaqla milyardlarla dollarlıq layihələrdə iştiraka dəvət edib, iki ölkənin xammal ixracından emala, xüsusən neft-kimya sahəsinə keçməli olduğunu deyib.

Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişi 2024-cü il noyabrın 13-də Bakıda COP29 çərçivəsində imzalanıb. Üç ölkənin enerji sistemi operatorları - “Azərenerji” ASC, Qazaxıstanın KEGOC şirkəti və “Özbəkistan Milli Elektrik Şəbəkələri” - layihə üçün “Green Corridor Alliance” adlı birgə müəssisə yaradıb.

Energetika naziri Pərviz Şahbazov əvvəllər “Mərkəzi Asiya - Azərbaycan” “yaşıl” enerji dəhlizinin 2032-ci ildə istifadəyə veriləcəyini gözlədiklərini bildirib. Xəzər kabeli Mərkəzi Asiyadan Xəzər və Qara dənizlər vasitəsilə Avropaya uzanması nəzərdə tutulan enerji körpüsünün bir hissəsi olmalıdır.

Digər xəbərlər