Kreml Putinin müharibəsində 720 min rus hərbçisinin öldüyü barədə hesablamanı “nəzərə almamağa” çağırıb
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibədə 700 mindən çox Rusiya hərbçisinin öldüyü barədə məlumatları “nəzərə almamağa” çağırıb. Bu, Kremlin həmin hesablamaya ilk reaksiyasıdır.
“İtkilər barədə məlumat açıqlaya bilən yeganə qurum Rusiya Müdafiə Nazirliyidir. Başqa heç bir məlumatı nəzərə almamağı təklif edirəm”, - Peskov noyabrın 25-də jurnalistlərə deyib. Rusiya Müdafiə Nazirliyi 2022-ci ildən bəri itkilər barədə rəqəm açıqlamır.
Müstəqil rus nəşrləri “Meduza” və “Mediazona” noyabrın 23-də yazmışdı ki, müharibədə ən azı 720 min Rusiya hərbçisi ölüb. Bu rəqəmə itkin düşənlər də daxildir. Nəşrlərin hesablamasına görə, ölümü hələ qeydə alınmayan itkinlər nəzərə alınmasa, 2026-cı ilin sentyabrının sonunadək həlak olan hərbçilərin sayı 490 mindən çoxdur.
Hesablama noyabrın əvvəlində “Kiberpartizanlar BY” və “Silent Crow” haker qruplarının sındırdığını açıqladığı Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) bazasından əldə edilən ölüm qeydlərinə əsaslanır.
Eyni bazanı araşdıran “NEST Centre” analitik mərkəzi daha əvvəl Rusiya ordusu sıralarında döyüşən 408 Azərbaycan vətəndaşının müharibədə öldüyünü hesablamışdı.


