Doqquz ayda məişət zorakılığı nəticəsində 23 qadın ölüb

İllüstrativ foto: Commonpersoon, CC0, Wikimedia Commons
25-11-2026 16:14

2026-cı ilin ilk doqquz ayında Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 23 qadın ölüb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Baş Prokurorluğun məlumatına istinadən gender zorakılığına qarşı “16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda deyib.

Muradovanın sözlərinə görə, bu müddətdə 931 qadın məişət zorakılığı ilə bağlı cinayətlər üzrə zərərçəkmiş tanınıb, onlardan 906-sı xəsarət alıb. Komitə yanvar-oktyabr aylarında məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alıb, qadın və uşaqlara yardım üçün “116-111” qaynar xəttinə isə gender zorakılığı ilə bağlı 649 müraciət daxil olub.

Komitə sədri zorakılıq hallarının vaxtında aşkarlanmasının, mühafizə orderlərinin icrasının, zərərçəkənlərin təhlükəsiz sığınacaq, hüquqi və psixoloji yardımla təmin olunmasının, regionlarda sosial xidmətlərin əlçatanlığının artırılmasının vacib olduğunu deyib.

“16 günlük fəallıq” kampaniyası hər il 25 noyabrda, Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Gündə başlayır və 10 dekabra, İnsan Hüquqları Gününədək davam edir. Azərbaycan qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınmasına dair Avropa Şurasının İstanbul Konvensiyasını imzalamayıb.

Digər xəbərlər